12px13px15px17px
Tarix:10/02/14

RİTN-də 2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirilib

 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirilib.
 
İclasda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib. Rabitə və informasiya texnologiyaları sektorunun inkişafı baxımından 2013-cü ilin yaddaqalan il olduğunu vurğulayan nazir əldə edilən nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
 
 
     Daha sonra kollegiya iclasında hesabat ili ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. Bildirilib ki, əvvəlki illə müqayisədə İKT sektorunda artım tempi 14,0 faiz təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi 1 632,2 milyon manat təşkil edib. Həmçinin İKT, informasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9% təşkil edib. Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanların nəticəsində beynəlxalq internet kanallarının ümumi tutumu 10 Gbit/s artırılaraq 210 Gb/s-ə çatdırılıb. Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir. Ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı isə 110-a bərabərdir. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.
 
 
    Kollegiyaya yekun vuran nazir növbəri illərdə sektorun üzərinə düşən öhdəliklər, məqsəd və gələcək hədəflərə toxunaraq, dinamik inkişafın təmin edilməsi məqsədilə qarşıdakı dövrdə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və daha da möhkəmləndirilməsi üçün mühüm vəzifələrin müəyyənləşdirildiyini, həmçinin respublika prezidentinin çıxışlarından irəli gələn tapşırıqların həyata keçirilməsi, sahə ilə bağlı müvafiq fərman və sərəncamlar və dövlət proqramlarında RİTN-lə bağlı tədbirlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb. Növbəti illərdə də uğurlu inkişaf tempinin saxlanılması və artırılmasının əsas hədəf kimi qarşıda dayandığını bildirən Ə.Abbasov nazirliyin fəaliyyətinin səmərəli təşkili, o cümlədən kosmik sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması, internet tariflərinə yenidən baxılması və onun keyfiyyətinin daha da yüksəldilməsi, mobil operatorlarla tariflərin tənzimlənməsi, genişzolaqlı rabitənin təşkilinə başlanılması üçün müvafiq tədbirlərin görülməsi, poçt xidmətlərinin çeşidinin artırılması və əlavə xidmətlərin təşkili, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, poçt və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması, habelə 2015-ci ildə keçiriləcək I Avropa yay olimpiya oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tapşırıq və göstərişlərini verib.
 



Baxış sayı: 913

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024