12px13px15px17px
Tarix:20/02/14

Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu il ərzində daha 15 elektron xidmətin təşkilini nəzərdə tutub


Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi öz fəaliyyət istiqaməti üzrə ümumilikdə 40-a yaxın xidmətdən bu günədək artıq 16 elektron xidmət təşkil edib.

Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib. Qısa zaman ərzində 9000-ə yaxın elektron müraciət daxil olub. Bu il ərzində daha 15 elektron xidmətin təşkili və vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulur. Bunlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı barədə məlumatın elektron verilməsi, kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid olacaq.

Vətəndaşlara xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə mövcud qeydiyyat binaları təmir edilib və yeni binalar tikilib, istifadəyə verilib. Məlumat bazaları elektron formata gətirilib. Hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən daxil olan torpaq islahatı nəticəsində torpaq əldə etmiş mülkiyyətçilər barədə məlumatlar elektron reyestrə daxil edilir. 

 Ötən  ildə daşınmaz əmlakın qeydiyyat sayı əvvəlki illərlə müqayisədə maksimum həddə çataraq 180 minə yaxın olub.

Yaxın gələcəkdə növbəti onlayn xidmətlərin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı da işlər aparılır.

Bunlardan biri təkrar bazarlarda əmlak əldə etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez şəkildə reyestrdə qeydiyyata almasıdır. Yəni notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr, ödəniş sənədləri elektron sistem vasitəsilə dərhal ərazi qeydiyyat idarəsinə göndəriləcək. Əlavə proseduralar aradan qaldırılacaq, icra işlərinə başlanacaq, çeviklik təmin ediləcək. Digər onlayn xidmət isə vətəndaşlar və hüquq sahiblərinin heç bir ünvana getmədən internet vasitəsilə öz əmlakları barədə zəruri məlumatlar, o cümlədən reyestr və kadastr məlumatlarını almaq imkanı ilə bağlıdır. 

Paralel olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “ASAN Xidmət” mərkəzlərində daşınmaz əmlakla bağlı mənzillər, əmlak barədə arayışların verilməsi ilə bağlı xidmətlər təşkil edib. Yeni imzalanmış fərmana əsasən, komitə həmin mərkəzlərdə öz xidmət bölmələri vasitəsilə mənzillərin ilkin qeydiyyatı, fərdi yaşayış evlərinin təkrar qeydiyyatı və texniki pasportların verilməsi ilə bağlı xidmətləri təşkil etməkdədir. 

Aynur Vəliyeva



Baxış sayı: 764

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024