12px13px15px17px
Tarix:24/02/14

Stiv Cobs: yaşasaydı bu gün 59 yaşı tamam olacaqdı

Stiv Cobs kimi daha məşhur olan Stiven Pol Cobs "Apple", "Next", "Pixar" şirkətlərinin banilərindən biridir. O, İT sektorunun əsas fiqurlarından biri olmaqla  yanaşı, dünya kompüter sənayesinin inkişaf gedişini müəyyən etmiş şəxsdir.


Gələcək milyarder dünyaya 1955-ci il fevral ayının 24-də Kaliforniya ştatının Mauntin-Vyu şəhərində göz açıb. Maraqlısı da budur ki, bu rayon sonralar Silikon vadisinin ürəyinə çevrilib. Stivinin bioloji valideynləri olan suriyalı mühacir Əbdülfəttah Con Candali və amerikalı aspirant Coan Kerol Şible  qeyri-qanuni nikahdan doğulmuş uşağı övladlığa verirlər.
 
Stiv Cobs hələ orta məktəbdə elektronika ilə maraqlanıb, öz adaşı Stiv Voznyak ilə tanış olduqda isə ilk dəfə olaraq kompüter texnologiyaları ilə bağlı biznes haqqında fikirləşir.





Partnyorların birinci layihəsi şəhərlərarası rabitədən pulsuz istifadə etməyə imkan verən qurğunu özündə ehtiva edirdi və o vaxtlar 150 dollara satılırdı.  Aparatın hazırlanması və quraşdırılması ilə Voznyak məşğul olurdu, 13 yaşlı Cobs isə qeyri-qanuni şəkildə məhsulu  satırdı. Rolların belə bölgüsü gələcəkdə də davam edir, lakin onların biznesi artıq tamamilə qanuni olur.

1972-ci ildə, Stiv Cobs orta məktəbi bitirdikdən sonra Rid (Portlend, Oreqon ştatı) kollecinə daxil olur, lakin təhsilə marağı tez bir zamanda azalır. Artıq birinci semestrdən sonra o, öz istəyi ilə xaric olunur. Lakin təxminən 1 il yarım o kollecdən olan dostları ilə birgə yaşayır. Bu müddət ərzində o, döşəmədə gecələyir, satdığı "koka-kola" butulkalarından əldə etdiyi pul sayəsində yaşayır və həftədə bir dəfə pulsuz yemək üçün krişnaların yerli məbədinə gedir. Həmin zamanlar o, kalliqrafiya (gözəl xətlə yazma sənəti) kurslarına da yazılır. Deyilənə görə, "Mac OS" sistemini miqyası böyüdülən şriftlərlə təchiz etmək fikri də onun xəttatlığından qaynaqlanır.





Sonra Stiv "Atari" firmasında işə düzəlir. Orada Cobs kompüter oyunlarının hazırlanması ilə məşğul olur. 4 il sonra yaxın dostu  Voznyak ilk kompüterini yaradır. Hələ də "Atari"də işləyən Cobs isə  dostunun kompüterinin satışlarını təşkil edir.
 
Niyə məhz şirkətə "Apple" adı verildi?
 
Dostların yaradıcılıq tandemindən "Apple" yaranır.  "Apple" adını Cobs telefon məlumat kitabçasında bu firmanın telefon nömrəsinin "Atari"dən sonra yerləşdiyinə görə təklif etmişdi.  Beləliklə,  1 aprel 1976-cı il "Apple"-ın yaranma tarixi hesab edilir.  Cobsun valideynlərinin qarajından isə ilk ofis-sex kimi istifadə olunub. Bütün bunlarla yanaşı, "Apple" 1977-ci ilin əvvəlində rəsmi olaraq qeydiyyatda olub.
Hazırlanan məhsulların əksəriyyətinin müəllifi Stiven Voznyak olub, Cobs isə marketoloq kimi çıxış edib.
 



Məhz Cobs Voznyakı yaratdıqları mikrokompüter sxemini tamamlamağa inandırır və bununla da fərdi kompüter seqmentində yeni era başlayır.
 
Onlar kompüterin debüt modelini "Apple I" adlandırırlar. 1 il ərzində ortaqlar qiyməti 666 dollar 66 sent olan 200 belə maşın  satırlar.

Kompüterlərin müvəffəqiyyəti şirkəti kompüter bazarında 80-ci illərə qədər danılmaz lider, hər iki Stivi isə milyonçu edir.




Maraqlıdır ki, "Apple" kompüterləri üçün proqram təminatı o zaman hələ yeni-yeni bazarda özünə yer edən  "Microsoft" şirkəti tərəfindən hazırlanmışdı.

Stiv Cobsun gedişi

Əhəmiyyətli müvəffəqiyyətlərə baxmayaraq, 80-ci illərin əvvəllərində Stiv Cobs "Apple"-da mövqeyini tədricən itirməyə başlayır. Qeyd edək ki, şirkət o zaman artıq korporasiyaya çevrilməkdə idi. Onun avtoritar stili əvvəlcə fikir ayrılıqlarına səbəb olur və sonra Direktorlar şurası ilə açıq münaqişəyə gətirib çıxarır. 1985-ci ildə  30 yaşında  ikən "Apple" banisi işdən çıxarılır.
 




Şirkətdə işi və hakimiyyəti itirən Cobs ruhdan düşmür və dərhal yeni layihələrə başlayır. Əvvəlcə o, ali təhsil və biznes strukturu üçün mürəkkəb kompüterlərin istehsalında ixtisaslaşdırılan "NeXT" firmasının əsasını qoyur. Bu bazarın dairəsi çox geniş olmadığından hansısa bir əhəmiyyətli satışlara nail olmaq mümkün olmur.
 
"The Graphics Group" (sonralar adı Pixar-a dəyişdirilib) qrafik studiyası isə onun üçün daha yaxşı başlanğıc olur. Cobsun rəhbərliyi altında bir neçə superbüdcəyə malik animasiya filmləri hazırlanır. "Bədheybətlər korporasiyası" və məşhur "Oyuncaqların tarixi" animasiya filmləri bu qəbildəndir.
 
2006-cı ildə isə "Pixar" studiyası "Uolt Disney"ə  7,5 milyard dollara satılır və Cobs "Uolt Disney"in 7% səhminə sahib olur.

 
Möhtəşəm qayıdış

 
1997-ci ildə Stiv Cobs "Apple" korporasiyasına qayıdır. Əvvəlcə müvəqqəti direktor vəzifəsinə təyin edilir.  2000-ci ildən isə tamhüquqlu rəhbər olur.  Onun rəhbərliyi ilə bir neçə ziyanlı fəaliyyət istiqaməti bağlanır və yeni "iMac" kompüteri üzərindəki iş müvəffəqiyyətlə başa çatdırılır, bundan sonra isə şirkət uğurlara nail olur.
Sonralar texnologiya bazarında dəb ikonuna çevrilən məhsullar təqdim olunur. Bu, "iPhone" mobil telefonu, "iPod" pleyeri və 2010-cu ildə satışa çıxarılan "iPad" planşet kompüteridir.

 
Amansız xəstəliklə mübarizə – O  insan orqanizminə müdaxiləni yolverilməz sayır
 
2003-cü ilin oktyabr ayında qarın sahəsinin skan edilməsi Stiv Cobsda mədəaltı vəzin xərçəng şişi olduğunu təyin edir. Ümumiyyətlə, bu diaqnoz ölümcül xarakter daşısa da, "Apple" rəhbərində xəstəliyin çox nadir forması olduğu və onu əməliyyat vasitəsilə sağaltmağın mümkünlüyü bildirilir. Əvvəlcə Cobs əməliyyatdan imtina edir, belə ki, şəxsi inamına görə insan orqanizminə müdaxilə olunmasını qəbul etmirdi.

 9 ay ərzində Stiv Cobs sərbəst sağalmağa ümid edirdi və bütün bu vaxt ərzində "Apple" rəhbərliyindən heç kəs onun ölümcül xəstəliyi haqqında investorlara məlumat vermir. Sonra Stiv həkimlərə inanmağa qərar verir və öz xəstəliyi haqqında ictimaiyyəti xəbərdar edir. 2004-cü il iyul ayının 31-də Stenford Universiteti nəzdindəki tibbi mərkəz müvəffəqiyyətli əməliyyata imza atır.
 
2008-ci ilin dekabr ayında həkimlər Cobsda hormonal disbalans aşkar edirlər. 2009-cu ilin yayında Tennesi Universiteti nəzdindəki Metodist xəstəxanasının nümayəndələrinin sözlərindən məlum olur ki, Stiv qaraciyərlərini transplantasiya etdirir. Bütün bunlara baxmayaraq, o işinə də davam edirdi.  2011-ci il mart ayının 2-də yeni "iPad 2" planşetinin təqdimatında Stiv şəxsən özü çıxış edir.

Amma Stiv Cobs  avqust ayının 24-də "Apple"-ın icraçı direktoru vəzifəsindən artıq istefa edir.
 
Sarsıdan ölüm

 

2011-ci il oktyabrın 5-də İT dünyasının ən nüfuzlu insanı 56 yaşında vəfat edir.
"Apple" şirkətinin rəhbərliyi bu ölümü belə şərh edir:
 
"Baş direktoru vəzifəsindən formal gedişindən 1 ay sonra əvəzsiz lider, şirkətin və onun bütün yeniliklərinin əsas ilhamvericisi olan Stiv Cobs ölüb. O son günə qədər "Apple" şirkəti ilə birlikdə idi və hətta öz gedişindən sonra belə şirkətə kömək edirdi.  Stiv Cobsun dərin düşüncəsi, enerjisi və ixtira qabiliyyəti bizim həyatımızı zənginləşdirən və yaxşılaşdıran saysız-hesabsız yeniliklərin mənbəyi idi. Stiv sayəsində dünya yaxşılığa doğru dəyişdi".
 
 "Microsoft" korporasiyasının sabiq rəhbəri Bill Qeyts öz bloqunda kədərli xəbərə reaksiya verənlərdən birincisi olub və o bildirib ki, "Cobsun fəaliyyətinin nəticələrindən gələcək nəsillər uzun müddət bəhrələnəcəklər. Stivlə işləmək bizlərdən kimə qismət olubsa, o, bu əməkdaşlığı özü üçün şərəf hesab edir. Mən Stiv üçün çox darıxacam".




ABŞ prezidenti Barak Obama Stiv Cobsun ölümünə həsr edilmiş şəxsi bəyanatında bunları bəyan edib:
"Mişel və mən Stiv Cobsun ölüm xəbəri ilə sarsılmışıq. Stiv Amerikanın ən böyük innovatolarından idi. O, başqa cür düşünmək üçün kifayət qədər cəsarətli, dünyanı dəyişdirə biləcəyinə inanmaq üçün kifayət qədər kobud və bunu etmək üçün kifayət qədər istedadlı idi. Öz qarajından başlayaraq dünyada ən müvəffəqiyyətli şirkətlərdən birini yaradaraq o, Amerika ixtiraçılığının ruhunu təcəssüm edirdi. Kompüterləri fərdiləşdirdi və interneti ciblərimizə qədər gətirdi. Eyni zamanda, o, informasiya inqilabını yalnız əlçatan deyil, həm də aydın və şən edib. Stiv tez-tez belə deməyi sevərdi: hər günü son gün kimi yaşamaq lazımdır. Bu səbəbdən o, bütövlükdə sənayedə iş prinsiplərini deyil, elə bizim həyatımızı da dəyişdirə bildi".



"Facebook" un banisi Mark Sukerberq sosial şəbəkədə öz profilində hisslərini belə bölüşür: "Stiv, təşəkkür sənə, sən mənə müəllim və dost idin. Təşəkkür, ona görə ki, sən bir insanın  əli ilə dünyanı necə dəyişdirə biləcəyini mənə göstərdin. Mən sənin üçün darıxacağam".
 
Azərbaycan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov: "Mən həmişə cənab Cobsun dahi şəxsiyyətinə, yaradıcılıq potensialına və innovativ təşəbbüslərinə heyran olmuşam"

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da "Apple" şirkətinin banisi Stiv Cobsun uzun sürən xəstəlikdən sonra vəfatı ilə əlaqədar şirkətin icraçı direktoru Tim Kuka başsağlığı məktubu ünvanlayanlardan olub.


"Stiv Cobsun ölümü haqqında məlumatı dərin təəssüf hissi ilə qarşıladım və bu böyük itki ilə bağlı Sizin kədərinizə şərikəm. Mən həmişə cənab Cobsun dahi şəxsiyyətinə, yaradıcılıq potensialına və innovativ təşəbbüslərinə heyran olmuşam. O, yeni və unikal texnologiyaların təşəbbüskarı olaraq, bizim şüurumuzu, həyatımızı və yeni texnologiyalara dair anlayışımızı dəyişən rəqəmsal möcüzələr yaradıb.  Cənab Cobs informasiya texnologiyaları (İT) sahəsinə çoxsaylı inqilabi dəyişikliklər gətirən və informatika elminə dəyərli töhfələr bəxş etmiş şəxs kimi bütün dünya insanlarının xatirəsində daima yaşayacaqdır. Mən, öz adımdan, eləcə də, Azərbaycanın İnformasiya Cəmiyyəti adından mərhumun ailəsinə, onun kolleqalarına və "Apple İnc." şirkətinin əməkdaşlarına dərin hüznlə başsağlığı verirəm" -deyə nazir məktubda qeyd edib.
 

 
Emil Hüseynov



Baxış sayı: 2267

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024