12px13px15px17px
Tarix:24/02/14

AMEA: “Google” axtarış sistemində ölkəmizlə bağlı “elmi jurnalistika” ifadəsinə rast gəlmək mümkün deyil”

 Elmi jurnalistika Azərbaycanda mövcud deyil, universitetlərdə də tədris olunmur. Ümumiyyətlə, “Google” axtarış sistemində ölkəmizlə bağlı “elmi jurnalistika” ifadəsinə rast gəlmək mümkün deyil.
 
 Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan mediası üçün yeni mövzuda ilk yazı” başlığı atında ölkənin KİV nümayəndələri üçün təqdim etdiyi məqalədə yer alıb. Yazının müəllifi - AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov qeyd edir ki, elmi jurnalistika elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Belə ki, jurnalist ictimai əhəmiyyətli mövzunu elmdə araşdırır, əldə etdiyi ağır üslublu elmi məlumatları öz “laboratoriyasında” sadələşdirir və geniş oxucuya təqdim edir. Bu mənada elmi-publisistik məqalə və sənədli filmlər elmi jurnalistika materiallarıdır:
 
“Ətraf aləmdə, o cümlədən sosial həyatda baş verənlər, onların səbəbləri və nə ilə nəticələnəcəyi daim insanın marağındadır. Araşdırma, səbəblərə işıq salma insanın fitrətindədir. Elm və alimlik fəaliyyəti, həmçinin elmi jurnalistika da elə bu fitrətdən irəli gəlmiş, formalaşmışdır. Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərlə oxucu kütləsi arasında əlaqə yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə əlaqələndirməkdir. Bu tip materiallar müxtəlif ölkələrdə eyni mövzuda tədqiqat aparan alimləri bir-birlərinin elmi nəticələri ilə tanış etməkdə yardımçı olur.
 
Məşhur "National Geographic", "NewScientist", "Discovery", "Nauka i Jizn" və bu tip digər jurnallar, həmçinin televiziya kanalları tərəfindən yayımlanan məqalələr, sənədli filmlər məhz elmi jurnalistika materiallarıdır”. Təcrübədən çıxarışa əsaslanan müəllif bildirir ki, ABŞ və İngiltərənin qabaqcıl elmi jurnalistika təşkilatları internetdə hər kəs üçün açıq olan təlimat xarakterli proqramlar yerləşdiriblər: “Faydalanmış olduğum materiallarda elmi jurnalistikaya yeni başlayan müxbirlər üçün dəyərli məsləhətlər yer alır. O proqramlarda elmi jurnalistikanın qaydaları barədə yazılanları bir neçə abzasla ifadə etmək, təbii ki, mümkün deyil. Amma qısaca onu demək olar ki, elmi jurnalistika materialları alimlərin çap olunmuş elmi məqalələrindəki faktlar əsasında hazırlanır. Hər hansı mövzu bir alimin yox, planetin fərqli yerlərində eyni istiqamətdə tədqiqatlar aparan bir neçə mütəxəssisin məlumatları üzərində araşdırılır və yazılır”. Müəllifin sözlərinə görə, ən maraqlı, önəmli, böyük auditoriya toplayan, çox məsuliyyət tələb edən, vaxt aparan, qonorar qazandıran məqalə və ya sənədli filmlər məhz elm əsasında hazırlananlardır:
 
“Məsələn, ən böyük auditoriya toplayan dedikdə etiraf etməliyik ki, "National Geographic", "Discovery", "Animal Planet" və digər jurnal, həmçinin televiziya kanallarında izlədiklərimiz ictimaiyyətin hər təbəqəsinin diqqətini çəkir. Siyasət, iqtisadiyyat, idman, kriminal və şou-biznes mövzularından birini bəyənməyən ola bilər, amma elmi əsaslı təqdimatlar hər kəsin marağını cəlb edir. Hətta evdar qadın və fəhlənin də. Bundan əlavə, ABŞ və Avropada elmi jurnalistika məqalələrinə 1-2 min dollar qonorar yazılır ki, bu da aylarla çəkilən zəhmətə, o cümlədən böyük dəqiqliklə aparılan araşdırmalara dəyər”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1165

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024