12px13px15px17px
Tarix:25/02/14

Mart ayından etibarən “kupça”lar onlayn alınacaq

Vətəndaşların bürokratik hallarla üzləşdiyi daha bir proses avtomatlaşdırıldı. Belə ki, bundan sonra “kupça”lar da onlayn alınacaq. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) vətəndaşların, daşınmaz əmlak sahiblərinın və hüquqi şəxslərin nəzərinə çatdırır ki,  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli, 101 nömrəli  Fərmanına əsasən, 2014-cü il mart ayının 3-dən etibarən daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış əmlak barədə sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq ərazilər üzrə yerləşən notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edə biləcəklər.
 
 
Eyni zamanda, daşınmaz əmlak obyektinə sərəncam vermə barədə notariat qaydasında təsdiqlənmiş müqavilənin daşınmaz əmlakın dövlət reyestrini aparan Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarına göndərilməsi elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində həyata keçiriləcək.
 
Qeyd olunanları nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların nəzərinə çatdırır ki, 2014-cü il mart ayının 3-dən etibarən, sözügedən daşınmaz əmlaklarla bağlı xidmətlərdən istifadə üçün Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyinin qarşılıqlı qaydada təşkil etdiyi həmin xidmətlərin göstərilməsi üçün Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında  yerləşən notariat kontorlarına birbaşa müraciət etməlidirlər. Bu xidmət dövlət reyestrindən qeydiyyatdan keçərək çıxarış əldə edən əmlak sahiblərinə aid edilir.
 
 
Həmçinin komitə fevral ayının 22-dən etibarən Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli müvafiq Fərmanına uyğun olaraq ərazi qeydiyyat idarələri və şöbələri ilə yanaşı, “ASAN xidmət” mərkəzlərində komitənin təşkil etdiyi xidmət bölmələri vasitəsilə həyata keçirir.
 
Belə ki, vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin regional qeydiyyat idarə və şöbələri ilə paralel olaraq mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına dair, habelə, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına dair çıxarışların və texniki pasportların verilməsi ilə bağlı sənədlərini eyni zamanda, “ASAN xidmət” mərkəzlərində yaradılmış xidmət bölmələrinə də təqdim edə bilirlər.  Qəbul edilmiş sənədlər komitənin müvafiq ərazi idarələrində öyrənilərək, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə baxılaraq həll ediləcək.
 
 
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların və əmlak sahiblərinin nəzərinə çatdırır ki, qeyd edilən xidmətlərlə bağlı müraciətlər zamanı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun sənədlər təqdim etsinlər. Əmlak Məsələləri Dövlət Komitəsi və "ASAN xidmət" mərkəzlərində  göstərilən xidmətlər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa və Tarif Şurasının müvafiq Qərarına əsasən rüsum və xidmət haqları ödənilməklə həyata keçirilir. Daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və operativliyin daha da artırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1026

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024