12px13px15px17px
Tarix:25/02/14

İKT resurslarından istifadə etməklə kitabxana işinin səmərəli təşkili üzrə təlim layihəsi davam edir

"Mədəd Azərbaycan" təşkilatı Təhsil Nazirliyi və Dünya Bankının Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində həyata keçirilən "Məktəb kitabxanaçıları üçün təlim və mentorluq" layihəsini həyata keçirməkdədir.
 
 Proqramın məqsədi təlim metodologiyası və təhsil nəzəriyyəsi, idarəetmə və marketinq sahələri üzrə bilik və bacarıqlardan, informasiya-kommunikasiya texnologiyaları və internet resurslarından istifadə etməklə - kitabxanaçıların məktəb kitabxanasının istifadəçilərinə mükəmməl xidmətlər göstərməyinə kömək etmək, həmçinin şagird və müəllimlərə müasir xidmətləri təklif edən ixtisaslı kitabxanaçıları öz sahələri üzrə maarifləndirmək və onların peşəkarlığını artırmaqdır.
 
"Mədəd Azərbaycan" təşkilatından verilən məlumata görə, "Məktəb kitabxanaçıları üçün təlim və mentorluq" layihəsinin birinci fazasında sifarişçinin təqdim etdiyi məktəblərdən 900-dən çox kitabxanaçı iştirak edib. Bu mərhələdə onlar strateji plan və onun hazırlanması qaydaları ilə tanış olub, fəal təlim, müasir kitabxana xidmətləri, elektron resursların hazırlanması və idarə olunması, müasir kitabxana tədbirlərinin təşkili ilə əlaqədar nəzəri və praktiki məşğələlərə cəlb ediliblər:
 
"Qırx iki saatlıq təlim müddətində dinləyicilərin gündəlik fəallığı, hazırladıqları fəaliyyət planı və yekun qiymətləndirilmənin nəticələri nəzərə alınaraq iştirakçılar sertifikatlarla təltif olunublar. Təlimlər zamanı xüsusi fəallıq göstərmiş 500 kitabxanaçıya 30 saatlıq birbaşa və 60 saatlıq distant mentorluq dəstəyi göstərilir. Bu mərhələdə üç inkişaf istiqaməti üzrə kitabxanaçılarla əməkdaşlıq edilib: fəal oxucu sayının artırılması, kurikulumun reallaşdırılmasına dəstək, kitabxananın məktəbə inteqrasiyası. Mentorluq vasitəsilə birbaşa və onlayn rejimdə keçirilən seminarlar ərzində iştirakçılar milli tələblər daxil olmaqla innovativ beynəlxalq təcrübə haqqında da məlumat əldə ediblər. Xüsusi yaradılmış onlayn forum vasitəsilə mühazirələr, müzakirələr, praktiki məşğələlər və müstəqil işlərin yaradılması reallaşdırılıb". Layihənin birinci fazasını uğurla başa vuran təşkilat hazırda təlimlərin ikinci fazasını həyata keçirir:
 
 "Layihənin ikinci fazası – məktəb kitabxanaçıları üçün mentorluq dəstəyinin təşkili hal-hazırda seçilmiş 500 məktəb kitabxanaçısı ilə davam etdirilir. Mentorluq davamlı və fərdi proses olmaqla kitabxanaçıları öyrəndikləri yeni bilik və bacarıq üzərində daha dərindən düşünməyə, çalışmağa həvəsləndirir. Texnologiyanın, fəal təlim mühitinin təhsildə uğurlu tətbiqi üçün məktəb rəhbərliyinin dəstəyi mühüm əhəmiyyətə malikdir. Mentor bu dəstəyə əsaslanaraq kitabxanaçılara müvafiq materiallar verməli, texnologiyanın istifadə olunduğu nümunəvi öyrənmə mühitinin təminatına yardım etməli, ideyalarla zənginləşdirməlidir. Adı çəkilən layihə üzrə keçirilən təlimlərdən sonra təlimi keçmiş təlimçilər arasından seçilən mentorlar kitabxanaçıları vaxtında vacib məlumat və ya resurslarla təmin edir, kitabxana işinin planlaşdırılmasında, kitabxanada effektiv dərs və kitabxana dərslərinin modelləşdirilməsində kitabxanaçıların fəaliyyətini müşahidə edir, müşahidə etdikləri üzərində düşünməyə sövq edərək əyani və distant olaraq onlara yardım edir".
 
Təşkilatdan vurğulanıb ki, seçilən mentorlar şagirdlərin təhsilinin təkmilləşdirilməsi üçün davamlı olaraq kitabxanaçıların müəllimlərlə əməkdaşlığına təkan verir və məktəb kitabxanaçılarının peşəkar inkişafı istiqamətində bacarıqları inkişaf etdirməyə çalışır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1232

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024