12px13px15px17px
Tarix:11/03/14

Teatrla bağlı internet televiziyası yaradılacaq

Azərbaycanda teatr sənətinə həsr olunmuş “TeatrPlyus”  (www.teatrplyus.az) adlı yeni mədəniyyət və incəsənət portalı istifadəyə verilib.
 
 "ICTnews.az" elektron xəbər xidməti bildirir ki, layihənin fəaliyyətində başlıca məqsəd teatr sənətinin təbliği, ölkədə və dünyada baş verən teatr prosesinin fiksasiyası,  eləcə də mədəniyyət və incəsənətin digər sahələrini əhatə edən məlumatları oxucularla bölüşməkdən ibarətdir. Dünya təcrübəsi göstərir ki, teatr prosesini işıqlandıran dərgilər, o cümlədən elektron nəşrlər teatr sənətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. 
 
Bu baxımdan dünya teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilən “TeatrPlyus” portalı ölkəmizdə teatr jurnalistikası sahəsində mövcud  boşluğun aradan götürülməsinə göstərəcəyi xidmətlərilə Azərbaycan teatrının inkişafında da müəyyən rol oynayacaq.
 
 
“TeatrPlyus” (www.teatrplyus.az) saytı fərqli, yaradıcı dizaynı ilə yanaşı, həm də yerləşdirilən materialların maraqlılığı, operativliyi və eksklüzivliyilə seçiləcək. Hərəkətli dizayn prinsipinə müvafiq hazırlanmış saytın yuxarı panelindəki elementlər, incəsənətin müxtəlif sahələrini simvolizə edir. Adından da göründüyü kimi, veb-sayt təkcə teatr sənətini deyil, eyni zamanda bütünlükdə incəsənəti, mədəniyyəti əhatə edir. Portalın “Plyus” bölməsində ədəbiyyat, kino, musiqi, təsviri sənət, turizm, şou-biznes sahələri üzrə də məlumatlar yerləşdiriləcək.  Habelə, “Multimedia” bölməsi var ki, bu da istifadəçilərə teatr sənətinə dair nadir audio, video və foto nümunələrilə tanışlıq imkanı qazandırır.
 
 
Daim zənginləşəcək “Kitabxana” bölməsi isə sənətsevərlər üçün əsil hədiyyə hesab oluna bilər. Bu bölmədə teatr sənətinə, eləcə də mədəniyyətin digər sahələrinə həsr olunmuş Azərbaycan, rus və ingilis dilində kitablar yerləşdirilib. Saytın mütəmadi şəkildə yenilənməsi və təkmilləşdirilməsi planlaşdırılır. Gələcəkdə “TeatrPlyus” internet televiziyasının da yaradılması nəzərdə tutulub.
 
 
Qeyd edək ki, bu il martın 10-da Azərbaycanda peşəkar milli teatr sənətinin yaranmasının 141 yaşı tamam olub. Arxada qalan 141 il ərzində Azərbaycan teatrı zəngin inkişaf yolu keçib, böyük uğurlar qazanıb.  Ötən ildən etibarən respublika prezidentinin müvafiq sərəncamı ilə teatr işçilərinin peşə bayramı dövlət səviyyəsində qeyd olunur.
 
SEYMUR



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024