12px13px15px17px
Tarix:28/03/14

“Vikipediya” onlayn ensiklopediyasında Azərbaycan dilində olan məqalələrin sayı 100 minə çatdırılıb

Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında ölkəmizlə əlaqədar məlumatların inkişaf etdirilməsi ilə bağlı işlər davam edir. Görülən tədbirlər nəticəsində “Vikipediya” onlayn ensiklopediyasında Azərbaycan dilində olan məqalələrin sayı 100 minə çatdırılıb. Bu barədə məlumatı azərbaycandilli “Vikipediya”nın idarəçilərindən biri, istifadəçi adı “Cekli829” olan Tərxan Paşazadə məlumat verib:

“Əslində, məqalə sayı çoxdan 100 minə çatmışdı. Sadəcə, təxminən 2 mindən artıq məqalə üzərində bəzi texniki redaktələrə ehtiyac vardı ki, həmin məqalələr statistik göstəricilərdə nəzərə alınsın. Beləliklə, 24-25 mart tarixlərində təxminən 600-dən çox məqalədə həmin texniki redaktələri yerinə yetirdim. Nəticədə də “Vikipediya” qlobal informasiya resursunda doğma dilimizdə olan məqalələrin sayı artaraq 100 minlik səviyyəyə çatdı. Bununla da 2014-cü il mart ayının 25-də azərbaycanca “Vikipediya”da məqalələrin sayı 100 000-i keçmiş və beləliklə, bu layihə “Vikipediya”nın 10 000+ bölməsindən 100 000+ bölməsinə adlamışdır”.


Xatırladaq ki, “Vikipediya”da Azərbaycan kontentinin artırılması üçün ötən il Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə birgə araşdırmalar aparmışdı. Araşdırmanın nəticəsi olaraq, “VikiHərəkat” layihəsi həyata keçirilib və bu çərçivədə “Vikipediyaçının masaüstü kitabı” hazırlanıb. Həmin vəsaitə əsasən, “Azərbaycanca Vikipediya” — “Vikipediya”nın Azərbaycan dilində olan bölməsidir. 2004-cü ilin yanvarından “az.wikipedia.org” ünvanında Azərbaycan dilində “Vikipediya” fəaliyyətə başlayıb: “Buna Azərbaycanın açıq onlayn ensiklopediyası kimi də baxmaq olar. “Azərbaycan Vikipediyası”ndakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də istifadəçilər yalnız birlikdə həll edə bilər”.


Azərbaycanca “Vikipediya” yarandığı tarixdən bu günə qədər yaxşı inkişaf yolu keçib. Belə ki, 2007-ci il 28 iyun - “Vikipediya”da məqalələrin sayı 7.000-i üstələyib. 2007-ci il 22 iyul - məqalələrin sayı 10000-ə çatıb. 2008-ci il 29 iyul - “Vikipediya”da məqalələrin sayı 19 000-i keçdi və azərbaycanca “Vikipediya” bütün “vikipediya”ların siyahısında 57-ci sırada dayandı. 2009-cu il 5 aprel - “Vikipediya”nın ana səhifəsinin dizaynı dəyişdirildi. 2010-cu il 20 fevral - “Vikipediya”da məqalələrin sayı 30.000 oldu, azərbaycanca “Vikipediya” bütün “vikipediya”ların siyahısında 53-cü sırada (dərinlik göstəricisi – 21) dayandı. 2010-cu il 13 noyabr - “Vikipediya”da məqalələrin sayı 40.000 olmaqla, azərbaycanca “Vikipediya” bütün “vikipediya”ların siyahısında 55-ci sırada (dərinlik göstəricisi – 23) dayandı. 2010-cu il 9 dekabr - “Vikipediya”da redaktə sayı 1.000.000-ə çatdı. Azərbaycanca “Vikipediya” bütün “vikipediya”ların siyahısında 52-ci sırada (dərinlik göstəricisi – 22) dayandı.

 2011-ci il 3 yanvar - “Vikipediya”nın ana səhifəsinin dizaynı dəyişildi. 2011-ci il 13 yanvar - “Vikipediya”da məqalələrin sayı 50.000 olaraq, azərbaycanca “Vikipediya” bütün “vikipediya”ların siyahısında 49-cu sırada (dərinlik göstəricisi – 19) dayandı. 13 dekabr – “Vikipediya”da redaktələrin sayı 2.000.000, məqalələrin sayı 83.129 oldu, “AzViki” bütün “vikipediya”ların siyahısında 42-cı sırada (dərinlik göstəricisi – 21) oldu.

13 noyabr – “Vikipediya”da redaktələrin sayı 2.500.177, məqalələrin sayı 91.096. “AzViki” bütün “vikipediya”ların siyahısında 44-cü sırada (dərinlik göstəricisi – 24.5425) dayandı. 2011-ci il Azərbaycanca “Vikipediya”nın inkişafında ən uğurlu il hesab edilə bilər. Bu bir il ərzində çox böyük inkişaf yolu keçmiş azərbaycanca “vikipediya”sı ömrünün çiçəklənməsi dövrünü yaşayıb. Yarandığı tarixdən iyul 2013-cü il tarixə qədər “Vikipediya”nın Azərbaycan bölməsində 60 176 nəfərdən çox istifadəçisi qeydiyyatdan keçib. Onlardan 357 nəfərdən çoxu son 30 gün ərzində fəal olub. Göründüyü kimi, qeydiyyatdan keçən və fəaliyyət göstərən istifadəçilər arasındakı fərq gözlənilməz dərəcədədir.

 İstifadəçilərdən 15 nəfəri idarəçi statusuna malikdirlər. Redaktələrin ümumi miqdarı 2 829 704 düzəliş təşkil edib və həmin tarixə azərbaycanca “Vikipediya”da 95 000-dən çox məqalə vardı. Məqalələrin sayına və dərinlik göstəricisinə görə azərbaycanca “Vikipediya” digər dil (283 dildən ibarət) bölmələri  arasında 42-ci yerdə dayanırdı.


 Keyfiyyət göstəricisi olan “dərinlik göstəricisi” – “Vikipediya”nın Azərbaycan bölməsi üçün 27.3-ə bərabərdir. Uzun müddət azərbaycanca “Vikipediya” türkdilli “vikipediya”lar arasında 2-ci yeri tuturdu, ancaq 2011-ci ilin oktyabrında qazaxca “Vikipediya” bu yeri tutduqdan sonra 3-cü yerdə qərar tutur.


Həqiqət İSABALAYEVA



Baxış sayı: 1388

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024