12px13px15px17px
Tarix:28/03/14

ABŞ internet üzərində nəzarət hüququndan 2015-ci ildə imtina edəcək

Hazırda internetin fəaliyyəti ilə bağlı bir çox məsələlər ABŞ Ticarət Nazirliyi, məhz onun tabeçiliyində olan “NTIA” qurumunun nəzarəti altındadır. Bu halda birbaşa nəzarət “ICANN” (internetdə domen adları və zonalarının verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı – Internet Corporation for Assigned Names and Numbers) tərəfindən həyata keçirilir. Adı çəkilən qurumun “NTIA” ilə müqavilə müddəti 2015-ci ilin payızında bitir.

İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (2003-cü ildə Cenevrə və 2005-ci il Tunis) keçirilməsi zamanı internet üzərində beynəlxalq nəzarəti təmin etmək təklif edilib. ABŞ rəsmiləri nəzarəti əlindən vermək istəməyib. Hazırda ABŞ-ın bu məsələ ilə bağlı mövqeyi dəyişib. Cari il martın 14-də verilmiş bəyanata əsasən, ABŞ domen adları sistemi və ümumilikdə “Ümumdünya hörümçək toru”na nəzarət səlahiyyətindən imtina etmək niyyətindədir. Ehtimal ki, ABŞ xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş elektron izləmə qalmaqalı fonunda beynəlxalq tənqid buna səbəb olub.
Beləliklə, ABŞ 2015-ci ildə internet üzərində nəzarət səlahiyyətindən imtina edəcək. “NTIA”-nın direktoru Lourens Striklinq deyib:

"2015-ci il internetdə domen adları və zonalarının verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı idarəetməsinin başqa etibarlı modelini tapmaq lazımdır".

Lakin ABŞ-ın internet üzərində nəzarət hüququndan imtina etməsi problemi həll etməyib. İndi 2015-ci ildən sonra internet üzərində səlahiyyəti hansı qurumun həyata keçirəcəyini müəyyən etmək lazımdır.
Striklinqin bəyanatından sonra internet üzərində sonrakı nəzarətlə bağlı mübarizəyə başlanılıb. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) öz marağını çoxdan bəyan edib.

"İnternet üzərində nəzarət səlahiyyətini Birləşmiş Millətlər Təşkilatı (BMT) və ya BMT ilə bağlı təşkilat vasitəsilə həyata keçirmək daha yaxşı olardı" – 2013-cü ilin payızında BTİ-nin baş katibi Hamadun Ture deyib.

Lakin ekspertlərin fikrincə, BTİ-nin şansı azdır, çünki ABŞ hakimiyyəti bildirib ki, internet ünvanlar üzərində idarəetmənin hökumətlərarası təşkilatın səlahiyyətinə verilməsi qəbuledilməzdir.

Nəticədə, internet üzərində nəzarəti həyata keçirəcək fövqəlmilli orqan yaradılması sualı “ICANN”-ın martda Sinqapurda keçirilmiş beşgünlük görüşündə gündəlikdə duran məsələlərdən olub. Variantlardan biri BMT tərəfindən təsis edilən illik İnternet İdarəçilik Forumunun “ICANN”-ı təlimatlandıracaq və nəzarəti həyata keçirəcək beynəlxalq parlamentə verilməsidir. Lakin bunun üçün ilk növbədə forumun BMT-nin nəzarətindən çıxarılması tələb olunur. Ekspertlərin əksəriyyəti  bunun mümkünlüyünə inanmırlar. Onlar narahatdırlar ki, 2015-ci ildə İnformasiya Cəmiyyəti üzrə növbəti Ümumdünya Sammitində bu müzakirə meydançası sadəcə başqa ölkələrin təzyiqi nəticəsində ləğv ediləcək.

Rusiya, Çin, Türkiyə və inkişaf edən iqtisadiyyata malik bəzi ölkələr internet üzərində nəzarəti təyin etməyə çalışırlar. Bu ölkələr qismən milli səviyyədə ünvanlar sistemini nizamlamaq istəyirlər. Lakin bu halda hər bir ölkə və ya Avropa Birliyi internetdə ünvanlar üzərində şəxsi idarəetmə sistemini yarada və istifadə edə bilərdi.

Emil Hüseynov





Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024