12px13px15px17px
Tarix:29/03/14

“İKT-2” qrant müsabiqəsi üzrə qalib layihələrin qeydiyyatdan keçirilməsi və maliyyələşdirilməsi prosesi apreldə davam etdiriləcək

“İKT-2” qrant müsabiqəsi üzrə qalib layihələrin qeydiyyatdan keçirilməsi və maliyyələşdirilməsi prosesi aprel ayında da davam etdiriləcək.
 
Həmçinin bu proses “Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi” üzrə qalib layihələrə də şamil edilir. “ICTnews”a Elmin İnkişafı Fondunun (EİF) icraçı direksiyasından bildirilib ki, hal-hazırda EİF-də son 4 müsabiqənin qalib layihə rəhbərləri ilə layihələrin icrası üzrə müqavilələrin, smetaların və sənədlər toplusunun hazırlanması və həmin müqavilələrin imzalanmaqla rəsmi qeydiyyatdan keçirilməsi və maliyyələşdirilməsi prosesi davam edir: “Müəyyən texniki səbəblərdən və bayram günləri ilə əlaqədar olaraq bu proses əvvəl planlaşdırıldığı kimi, mart ayının sonuna qədər bitmədiyindən aprel ayında intensiv şəkildə davam edəcək”.

Prosesin sürətləndirilməsi üçün EİF qalib layihə rəhbərlərindən çatışmayan zəruri sənədlərin tez bir zamanda fonda təqdim edilməsini tövsiyə edir.

Qeyd edək ki, EİF “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu proqramın həyata keçirilməsi üzrə Tədbirlər planının  6.3.2 bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı  Fondu gənc alim və mütəxəssislər üçün qrant müsabiqələrini təşkil edərək keçirir və bu müsabiqələr elmi tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi daşıyır. İKT-2 qrant müsabiqəsi isə informasiya-kommunikasiya  texnologiyalarının inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə EİF və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ) tərəfindən 2013-cü ildə birgə elan olunmuş tədbirdir.

 Elmin İnkişafı Fondu maliyyələşdirdiyi böyük maliyyə həcmli pilot qrant layihələrinin uğurlarını, layihələr çərçivəsində alınaraq quraşdırılmış ultra-modern cihazlarda rəqabət apara biləcək ilkin elmi nəticələrin alınmasını, xaricdə kadr hazırlığının müsbət effektlərini nəzərə alaraq, 2013-cü ildə İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə nəzərdə tutulmuş bir neçə qrant müsabiqəsindən birincisini İKT üzrə pilot layihə müsabiqəsi kimi elan edərək keçirmişdi.

 İkinci İKT müsabiqəsi isə fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat və b. tipli layihələri əhatə edib. Qrant layihələrinin qəbulu üçün elan olunmuş müddətdə - 2013-cü il 6 sentyabr – 7 oktyabr tarixlərində müsabiqəyə 62 layihə daxil olub və Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib. Layihələrin texniki və elmi ekspertizası işinin təşkilinə əsasən, müsabiqə qaydaları və tələblərinə cavab verməyən 10 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 52 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.

Ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunublar. Layihələrin qiymətləndirilməsində müsabiqə təşkilatçıları tərəfindən yaradılmış birgə komissiya da iştirak edib. Yekun qərar Himayədarlar Şurasının 2013-cü il 27 dekabr tarixli Protokolu ilə təsdiqlənib. Beləliklə, müsabiqə çərçivəsində 29 qalib layihə müəyyənləşdirilib. Fonddan qeyd edilib ki, cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 1 200 000 manat olub. EİF 24 layihənin maliyyələşdirilməsinə bir milyon manat vəsait ayırıb, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən isə 5 layihənin maliyyələşdirilməsi nəzərdə tutulur.

 Qalib layihələr sırasında “İnteqral hücrəli kommunikasiya şəbəkələrinin analizi üsullarının yaradılması”,“ Regional ekoloji monitorinq mərkəzi sisteminin riyazi modelləşdirilməsi və proqram təminatı”,
“İKT üzrə onlayn-təlim sisteminin yaradılması”, “İKT sahəsində innovativ
ideyaların onlayn bankının yaradılması”, “Smart sayğaclardan toplanan
məlumatların intellektual analizi”, “Elektron ticarətdə gəlirin maksimallaşdırılması problemləri”, “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında böyük rol oynayan
AMEA-nın kitabxana sisteminə tətbiqi”, “Kibertəhlükələrin analizi və
onların qarşısının alınması məqsədi ilə müasir üsulların tətbiqi üçün texniki və proqram təchizatının təmin olunması”, “Azərbaycanın internet informasiya resurslarının monitorinqi, analizi və məlumat bazasının yaradılması” və s. layihələr var.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 786

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024