12px13px15px17px
Tarix:02/04/14

"Sinam" şirkəti Tanzaniyada texnoloji tenderdə iştirak edir

Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan "Sinam"   Tanzaniya Respublikasının Gəlirlər üzrə Səlahiyyətli Dövlət Orqanının "İnteqrasiya olunmuş Daxili Gəlirlərin İdarə olunması Sisteminin təchizatı və tətbiqi" üzrə açıq tenderində iştirak edir.

Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən  məlumata əsasən, tenderin tələblərinə görə, Tanzaniyada 5 milyondan 15 milyonadək vergi ödəyicisinə (müştəriyə) xidmət göstərən və 50-dən yuxarı vergi növünü dəstəkləyən informasiya sistemi qurulmalıdır.

Tenderdə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 8 şirkət iştirak edib. Hazırda təqdim olunan təkliflər qiymətləndirmə mərhələsindədir. Tenderin nəticələri 2 ay müddətində məlum olacaq. "Sinam" şirkəti bu tenderdə özünün tam funksional "İnteqrasiya olunmuş Verginin İdarə olunması Sistemi" adlanan həlli ilə iştirak edib.

Qeyd edək ki, bu sistem artıq Qırğızıstanda Asiya İnkişaf Bankının layihəsi çərçivəsində müvəffəqiyyətlə tətbiq olunub və beynəlxalq ekspertlərin müsbət rəyini qazanıb.

Afrika qitəsində yerləşən ölkələrin informasiya texnologiyaları sahəsində indiki durumunu nəzərə alsaq, gözləmək olar ki, təcrübəli Azərbaycan şirkəti "Sinam" bu regionun bir sıra ölkələrində elektron hökumət üzrə davamlı tərəfdaş ola bilər.

Məlumat üçün bildirək ki, Afrika ölkələri hazırda dünyanın aparıcı İT-şirkətlərinin diqqət mərkəzindədir və regiona çıxış yüksək rəqabətliliyi ilə seçilir.

Aynur Vəliyeva




Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024