12px13px15px17px
Tarix:15/04/14

Naxçıvan əhalisi artıq elektrik enerjisi və qaz haqlarını internet üzərindən ödəyə bilər

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvanın "Elektron hökumət" portalında növbəti elektron ödənişli xidmətlər istifadəyə verilib. 

Nazirlikdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, yeni xidmətlərə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin və "Naxçıvanqaz" İstehsalat Birliyinin əhaliyə satdığı enerji və qaz haqlarının elektron formada ödənilməsi daxildir.
 
Nazirliyin mütəxəssisləri tərəfindən hər iki müəssisənin elektron bazası avtomatlaşdırılıb. Bundan sonra muxtar respublika əhalisi artıq elektrik enerjisinə və qaza görə borclarını öyrənə və real vaxt rejimində plastik kartlar vasitəsilə internet üzərindən ödəyə bilərlər. 
 
Bu sistem abunəçilərin onlayn rejimdə çevik ödəmə prosesini həyata keçirməyə imkan verir. Bunun üçün abunəçilər "www.e-hokumet.nmr.az" saytına daxil olaraq onlayn ödənişlər bölməsindən həmin xidməti seçib əgər varsa, ev telefonunun nömrəsini, yoxdursa, onlara verilmiş 9 rəqəmli kodu yazaraq ödəniş edə bilərlər.
 
Qeyd edək ki, "Elektron hökumət" portalı üzərində ilk onlayn rejimdə ödənişlərə 2013-cü ilin sentyabr ayından rabitə xidmət haqlarının ödənilməsi və genişzolaqlı internet xidmətlərinin balansının artırılması ilə başlayıb.
 
Nəzərə alsaq ki, yaşadığımız həyatın artan tələblərini təmin etmək üçün müasir dövrdə vaxt çox məhduddur və buna görə də ondan maksimum qənaətlə istifadə etməyə çalışırıq. Bu amil sürətlə inkişaf edən elektron ödəmə sistemlərinin qurulmasını və ondan istifadəni qaçılmaz edir, eyni zamanda bu sahənin yüksələn xətlə inkişafına imkan yaradır. Elektron pulköçürmə sistemləri onlayn ödəməni günün istənilən vaxtında həyata keçirməyə imkan verir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 949

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024