12px13px15px17px
Tarix:15/04/14

Gəncədə “Hesabatların elektron qəbulu” mövzusunda regional təqdimat keçirilib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi üzərində işlər görülür. Bu fikir fondun aprelin 15-də Gəncədə "Hesabatların elektron qəbulu" mövzusunda keçirdiyi regional təqdimatda bildirilib.

Gəncə şəhərini və Azərbaycanın qərb bölgəsini - Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Göygöl, Samux  rayonlarını təmsil edən sığortaedənlər, sığortaolunanlar və pensiyaçıların qatıldığı təqdimat mərasimində slaydlar vasitəsilə Fondun əhaliyə göstərdiyi elektron xidmətlər barədə geniş məlumat verilib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, DSMF-nin pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin və keyfiyyətinin artırılmasının vacibliyini diqqətə çatdırıb:
 
"Ölkə Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da qeyd olunur ki, informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə "Elektron hökumət" informalaşdırılmasına ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin İT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir".
 
 
Qeyd edilib ki, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əlçatanlığın artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların "Elektron hökumət" üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi sözügedən strategiyanın başlıca prinsiplərindəndir. "Elektron hökumət" portalının statistikasına əsasən, DSMF-nin əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Bunlardan biri də elektron hesabat xidməti üzrədir. Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin "www.sspf.gov.az"; "www.e-sspf.gov.az" saytlarında yerləşdirilib.
 
 "Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu" adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı"nın tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı"nın tərtibi üzrə proqram təminatından istifadə, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"ın tərtibi üzrə proqram təminatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdim etmə daxildir.
 
 
Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar.
 
"Yardım masaları"nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığortaedənlərin elektron hesabatlarının sayının daha da artacağı proqnozlaşdırılır. Həmçinin bildirilib ki, DSMF-nin internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə  istənilən vətəndaş daxil olaraq öz fərdi hesabı barədə məlumat almaq, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablama imkanı əldə edir. Pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan  və vaxt itirmədən DSMF-nin 190 "Çağrı Mərkəzi"nə zəng etməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir.
 
 
Fondun informasiya texnologiyaları şöbəsinin  müdiri Sabir Qocayev isə slaydlar vasitəsilə iştirakçılara "Hesabatların elektron qəbulu" xidməti barədə ətraflı məlumat verib. Regional təqdimatda səsləndirilən təkliflər üzrə geniş fikir mübadiləsi aparılıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024