12px13px15px17px
Tarix:16/04/14

Elm Fondu bu il daha çox İT üzrə araşdırmalara üstünlük verəcək

Dövlət Neft Şirkətinin Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələrini və digər elmi tədbirləri (bundan sonra - layihələr) dəstəkləmək məqsədi ilə müsabiqə elan edib.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib. Şirkətdən bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq məqsədilə 2014-cü il üçün nəzərdə tutulan müsabiqəyə bir sıra sahələr üzrə layihə təqdim oluna bilər. Bura Yer elmləri, Texnika elmləri və Kimya elmləri sahələri aiddir.
 
 
Elm Fondu qeyd edir ki,  bir sıra prioritet istiqamətlər üzrə təqdim edilən layihələrə üstünlük veriləcək. Onlara da “Karbohidrogen resurslarının mənimsənilməsində kompleks kompüter proqramlarının və “3D” geoloji-hidrodinamik modellərin yaradılması”, “Neft və qaz süxurlarının tədqiqi üçün yüksək texnoloji metodlar və avadanlıqlar, böyük və daha böyük dərinliklərdə flüidogenerasiya və faza keçid proseslərinin eksperimental və fiziki-kimyəvi modelləşdirilməsi”, “Qeyri-ənənəvi enerji növlərinin səmərəli istifadəsi imkanlarının araşdırılması, “şist qazı və qaz-hidrat alternativ enerji mənbələrinin axtarış perspektivləri”, “Neft-qaz hasilatının optimallaşdırılmasında iqtisadi baxımdan səmərəli metodların istifadəsi, kompüter proqram təminatlarının və informasiya texnologiyalarının nailiyyətlərinin tətbiqi”, “Qalıq neft-qaz ehtiyatlarının təyini və optimal işlənilməsində innovativ üsulların tətbiqi” aiddir.
 
 
Elm Fondu kiçik həcmli layihələr üçün 50 min, orta həcmli layihələrə 50 -100 min, böyük həcmli layihələrə isə 100 - 200 min manata qədər vəsait ayrılmasını müəyyənləşdirib.
 
 
Ərizə və məlumat formalarının nümunələri AMEA-nın “www.science.az” və ARDNŞ-nin “www.socar.az” saytlarında yerləşdirilib.
 
 
 
Müsabiqədə iştirak etmək üçün ərizələr Elm Fondunun Müsabiqə Komissiyası tərəfindən 15 aprel 2014-cü il tarixindən 15 may 2014-cü il tarixinədək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir.
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024