12px13px15px17px
Tarix:19/04/14

İnformasiya-kommunikasiya texnologiyaları sektorunun ölkənin hərtərəfli inkişafında xüsusi çəkisi ilbəil artır

Dinamik inkişaf tempini cari ilin ilk rübündə də davam etdirən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun ölkənin hərtərəfli inkişafında xüsusi çəkisi ilbəil artır. Hesabat dövründə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olunub və hər iki proqramda  rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə aidiyyəti rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verilib.
 
“2014-cü ildə rabitə və informasiya texnologiyaları göstəricilərinin yaxşılaşdırılması üzrə” Tədbirlər Planının icrası davam edir
 
Həmçinin RYTN tərəfindən həyata keçirilən tədbirlərin effektivliyini artırmaq məqsədilə özündə konkret tapşırıq və vəzifələri cəmləşdirən “2014-cü ildə rabitə və informasiya texnologiyaları göstəricilərinin yaxşılaşdırılması üzrə” Tədbirlər Planı təsdiq edilib və icrasına başlanılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi bölməsinin həyata keçirilməsi üçün hazırlanmış Tədbirlər Planının, eləcə də digər  qanun və proqramların icrası üzrə müvafiq tədbirlər görülüb.
 
İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1.9% təşkil edib
 
 
Görülən tədbirlər nəticəsində I rüb ərrzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13,3% artaraq 381.0 milyon manat təşkil edib. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin təxminən 78.3 %-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Telekommunikasiya sektorunda əldə olunan gəlirlərin 64.3%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil sektor üzrə real artım tempi 7.8 % təşkil edib. Rübdə ölkə üzrə ÜDM-nin həcmi 13.15 mlrd. manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə real artım tempi isə 2.5 % olub. İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1.9% təşkil edib.
 
Rabitə sisteminin müasirləşdirilməsinə yönələn investisiyalar
 
Hesabat dövründə ölkənin rabitə sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi ən ümdə məsələ kimi diqqət mərkəzində olub. Bu məqsədlə hesabat dövrü ərzində RYTN-in strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 13,0 milyon manat investisiya qoyuluşu həyata keçirilib.  Ümumilikdə informasiya, rabitə və poçt sektoruna 29,5 milyon manat investisiya qoyulub və ölkə iqtisadiyyatına qoyulan ümumi investisiyada payı 0,9% təşkil edir.
 
Universal rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üztrə işlər başa çatdırılıb
 
Ölkə ərazisində universal rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər əsasən başa çatdırılıb və artıq ölkənin bütün yaşayış məntəqələri üçün rabitə xidmətləri müyəssər xidmətə çevrilib. Əhalinin artım tempi və yeni yaşayış massivlərinin salınması nəzərə alınmaqla, əhalinin tələbatına uyğun olaraq universal rabitə xidmətlərinin tətbiqi və inkişafı istiqamətində işlər davam etdirilir. Hazırda BTRİB və “Aztelekom” İB şəbəkələrində CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərinin əhatə dairəsi respublika əhalisinin təxminən 80%-ə qədərinin yaşadığı  ərazini əhatə  edib.
 
 
Hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir
 
Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının  sayı 18,65 ədəd təşkil edir. Bu göstərici Bakı şəhərində 37,7 ədəd, respublikanın digər ərazilərində 11,61 ədəd, kənd yerlərində isə 7,21 ədəd təşkil edir. Eyni zamanda, hər 100 ailəyə düşən telefon  aparatlarının  sayı 69,01 ədəd təşkil edir. Bu göstərici Bakı şəhəri üzrə 136,76 ədəd, respublikanın digər ərazilərində 48,1 ədəd, kənd yerlərində isə 32,8 ədəd təşkil edir.  Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir.
 
 
Azərbaycanın tranzit qovşağa çevrilməsi üçün tədbirlər davam etdirilib
 
Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 55-ə bərabərdir. Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, beynəlxalq internet kanallarının ümumi tutumu 250 Gb/s-ə çatdırılıb. İlk rüb ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30.4 mln. dəqiqə azalaraq 97.8 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 10.0 mln. dəqiqə azalaraq 33.1 mln. dəqiqə təşkil edib.
Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə ölkə üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilib. Həmçinin, beynəlxalq rabitənin keyfiyyətinin artırılması və kanal sayının trafik həcminə uyğun tənzimlənməsi məqsədilə “Rostelekom” ASC, “UkrTelekom”, “Vodafon-Turkey”, “Deutsche Telekom” və “TATA Communications” istiqamətlərində əlavə portlar qoşulub, Birləşmiş Ərəb Əmirliklərinin “ETISALAT”, Ukraynanın “Kiyevstar” və Finlandiyanın “Telia Sonera”, Kanadanın “Certburg Network” şirkətləri ilə yeni birbaşa kanallar təşkil edib. Hazırda ölkənin beynəlxalq telefon kanallarının sayı 7317 ədəd təşkil edir. Eyni zamanda, Azərbaycandan dünya ölkələrinə çıxış terminal trafikinə görə hesablaşma qiymətlərinin tənzimlənməsi, ölkəyə giriş trafikinin azalma səbəblərinin araşdırılması istiqamətində zəruri tədbirlər görülüb.
 
“Azərspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılıb
 
Rüb ərzində Azərbaycanın ilk telekommunikasiya peykinin tutumunun satışı üzrə işlər davam etdirilib. Hazırda peyk üzərindən 66 kanal yayımlanır. Ukraynanın “Ukrkosmos” Dövlət müəssisəsinə icarəyə verilən peyk tutumunun həcmi 4 dəfə artırılıb. Eyni zamanda, Türkiyənin “Samanyolu” kanalının yayımı üzrə müqavilə bağlanmış və digər bir sıra kanallarla danışıqlar aparılıb.
 “Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış  Qrant Müqaviləsinə (604 min ABŞ dolları dəyərində) uyğun olaraq  keçirilmiş tenderin nəticəsinə əsasən qalib elan edilmiş “Global Resources” şirkəti tərəfindən “Azərspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılıb.
 
 
Aşağıorbitli peykin 2017-ci ildə orbitə çıxarılması üzrə tender prosesinə başlanılıb
 
“Azerspace-1” və digər peyklərdən yayımı həyata keçirilən ümumrespublika, regional xə xarici televiziya kanallarının, həmçinin səs və datanın peyklərə ötürülməsini təmin etmək məqsədilə İdarəetmə Mərkəzinin ərazisində Yayım Mərkəzinin qurulması üzrə işlər davam etdirilib. Bu məqsədlə müvafiq avadanlıqlar gətirilərək quraşdırılıb. Yayım Mərkəzinin 2014-cü ilin II rübündə tam quraşdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur.
Çox yüksək ayırdetməli aşağıorbitli peykin 2017-ci ildə orbitə çıxarılması üzrə tender prosesinə başlanılıb. Tenderdə 6 iddiaçı iştirak edir. Cari ilin may ayında tenderin açılışı nəzərdə tutulur.
 
Abunəçilər barədə məlumatların dəqiqləşdirilməsi prosesi davam etdirilir
 
 
Respublika prezidentinin müvafiq fərmanına əsasən, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq telefon (məftilli), sellülar (mobil) və simsiz telefon rabitəsi xidmətləri göstərən operatorların abunəçiləri haqqında məlumatların RYTN tərəfindən “Giriş-çıxış və qeydiyyat” İAMAS-a daxil edilməsi məqsədilə, RYTN-in Məlumat Hesablama Mərkəzində yerləşən mərkəzi serverdə toplanmış məlumatlar analiz edilərək Daxili İşlər Nazirliyinə təqdim olunur. Abunəçilər barədə məlumatların dəqiqləşdirilməsi prosesi davam etdirilir.
 
 
Mobil nömrə daşınmasının effektivliyinin artırılması üzrə mobil operatorlara birgə işlər davam etdirilir
 
 
Mobil nömrə daşınmasının tətbiqi ilə bağlı aparılan işlər yekunlaşdırılıb və fevralın 1-dən xidmətin tətbiqinə başlanılıb. Xidmətin tətbiqi ölkədə mobil rabitə istifadəçilərinə göstərilən mobil xidmətin keyfiyyətinin artırılmasına və mobil sektorda sağlam rəqabətin gücləndirilməsinə xidmət edir. Hesabat dövrü ərzində daşınan nömrələrin sayı təxminən 2100 ədəd olub. Daşınmanın daha da effektivliyinin artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir.
Mobil cihaz qeydiyyat sisteminin fəaliyyəti davam etdirilib və rüb ərzində 13 472,7 min ədəd cihaz qeydiyyata alınıb. İtirilmiş telefon cihazlarına 2177 ədəd məhdudiyyət tətbiq olunub və onlardan 380-i aradan qaldırılıb.
 
 
Yeni yaranan elektron təhlükələr üzrə tövsiyələr hazırlanıb
 
Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən şəbəkə avadanlıqlarının təhlükəsizlik testi, proqram təminatlarının, virusların analizi məqsədilə laboratoriyanın yaradılması və işinin təşkili üçün layihə hazırlanaraq Elmin İnkişaf Fonduna təqdim olunub. Yeni yaranan elektron təhlükələr, onların qarşısının alınması üsul və vasitələri barədə tövsiyələr, elektron təhlükələr barədə əldə edilmiş məlumatlar, həmçinin onların qarşısının alınması üçün tətbiq edilən proqram və texniki vasitələr haqqında təlimat və tövsiyələr hazırlanıb.
 
428 elektron xidmətdən 319-u  vahid portal vasitəsilə əhaliyə təqdim olunur
 
 
Elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən dövlət orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə verilmiş elektron imzaların sayı 18 452 ədədə çatdırılıb. Bundan 12 675-i dövlət hakimiyyəti orqanlarına, 755 ədədi hüquqi şəxslərə, 5022 ədədi isə vətəndaşlara verilib. E-imza sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi və istifadəçilərin rahat əldə edə bilməsi üçün müvafiq proqram təminatları yazılıb və digər tədbirlər görülüb. 33 quruma pulsuz e-imza sertifikatı təqdim edilib. “Elektron hökumət” portalına 45 qurum fiziki olaraq qoşulub və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 428 elektron xidmətdən 319-u  vahid portal (bir pəncərə prinsipi) vasitəsilə əhaliyə təqdim olunur.
Hesabat dövründə dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 2 dövlət informasiya ehtiyatı və 15 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınıb. Ümumilikdə isə 39 dövlət informasiya ehtiyatı və 117 fərdi məlumatlar Reyestrə daxil edilib.
 
“Xalq kompüteri” layihəsi üzrə 22 895 nəfər kompüter əldə edib
 
İnformasiya texnologiyalarının cəmiyyətə nüfuzetmə səviyyəsini artırmaq, əhalinin kompüterlərlə təminatını yaxşılaşdırmaq məqsədilə RYTN-in təşəbbüsü və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirilən “Xalq kompüteri” layihəsi davam edir. Hal-hazırda 22 895 nəfər layihə iştirakçısı kompüter əldə edib.
 
E-qrant sistemi vasitəsilə sənədlərin qəbuluna başlanılıb
 
 RYTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətinin təşkil edilməsi üzrə tədbirlər görülüb. Hesabat dövründə İKT sahəsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 2014-cü ilin dövlət büdcəsində 5,0 milyon manat vəsait nəzərdə tutulub və rüb ərzində bundan 2,5 milyon manatı ayrılıb. Hesabat dövründə Fondun vəsaitlərinin müvafiq maliyyələşmə istiqamətlərinə uyğun bölgüsü müəyyənləşdirilib, 2 aprel-2 may 2014-cü il tarixlərində keçirilməsi nəzərdə tutulan I qrant müsabiqəsi üzrə sahibkarları məlumatlandırmaq və məsləhətlərin verilməsi məqsədilə məlumat sessiyası keçirilib. Fondun internet səhifəsində yaradılmış e-qrant sistemi vasitəsilə sənədlərin qəbuluna başlanılıb.
 
“Yüksək Texnologiyalar Parkı”üzrə infrastrukturun Pirallahıda yerləşdirilməsi üçün şirkətlərlə müzakirələr aparılır
 
 
 Hesabat dövründə “Yüksək Texnologiyalar Parkı”nın formalaşdırılması, zəruri infrastrukturun qurulması, normativ-hüquqi bazanın formalaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və  digər təşkilatı məsələlərin həlli istiqamətində işlər davam etdirilib. Fransanın Nitsa şəhərində Azərbaycanın “Yüksək Texnologiyalar Parkı” – “YT Park” MMC ilə Avropada ən qədim və nüfuzlu texnoparklardan sayılan “Sofiya Antipolis” Texnoparkı arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Eyni zamanda, “Yüksək Texnologiyalar Parkı”nın yaradılması üçün Pirallahı rayonunda ayrılmış ərazidə Parkın ərazisinin layihələndirilməsi və infrastrukturun yerləşdirilməsi üzrə bu sahədə çalışan şirkətlərlə müzakirələr aparılır.
 
Bütün ölkə ərazisini 10-100 Mbit/s həddində sürətli internetlə təmin etmək üçün işlər davam edir
 
2014-2016-cı illər ərzində ölkənin hər bir yaşayış məntəqəsində (hətta ən ucqar kəndlərdə) fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin təsdiqi üzrə müvafiq razılaşdırmalar başa çatdırılıb və sənədlər Prezident Administrasiyasına təqdim olunmuşdur. Layihənin yekun məqsədi ucqar kənd yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 Mbit/s həddində sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.
 
Əhalinin yaşadığı ərazilərin 97%-i açıq paketlə rəqəmli televiziya yayımı ilə təmin edilib
 
Respublikada ilk dəfə olaraq Quba rayonunda çoxproqramlı rəqəmli yayıma başlanılması üçün DVB-T2 standartlı kommersiya yayımının həyata keçirilməsi məqsədilə Quba rayonu Dağlı RTYS-də 4 ədəd 1,2 kVt-lıq DVB-T2 verici və anten-fiber sistemləri quraşdırılıb. Hazırda ölkə əhalisinin yaşadığı ərazi­lərin 97%-i açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib. Milli televiziya və radio proqramlarının “Azərspace” peyki vasitəsilə ötürülməsinin təmin edilməsi üçün Teleqüllə ərazisində quraşdırılmış yerüstü peyk stansiyası vasitəsilə 33 TV və 11 radio proqramının “Azərspace” peyki üzərindən yayımı təşkil olunub. Bundan əlavə olaraq, hesabat dövründə respublika və regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması, kənar yayımların qarşısının alınması, rəqəmli TV proqramların regionlarda ötürülməsini təmin etmək, avadanlıqların normal iş rejiminin yaradılması məqsədilə müvafiq avadanlıqlar quraşdırılıb və zəruri tədbirlər görülüb.
 
“MilliÖn” operatorları tərəfindən “Azərpoçt” şəbəkəsi üçün xüsusi proqram təminatı hazırlanır
 
 “Azərpoçt” MMC-də banklarda göstərilən xidmətlərin tətbiqi prosesi həyata keçirilməkdədir. Eyni zamanda smart sayğac kartlarının yüklənməsinin poçt şöbələri tərəfindən təşkili məqsədilə, “MilliÖn” (Comtec) şirkəti ilə danışıqlar aparılıb. Aparılmış danışıqların nəticəsinə uyğun olaraq, “MilliÖn” operatorları tərəfindən “Azərpoçt” şəbəkəsi üçün xüsusi proqram təminatı hazırlanmaqdadır. Hazırda “Comtek” şirkəti tərəfindən sınaq işləri aparılır.
 
RYTN-ə daxil olan ərizə və müraciətlərin təhlili göstərir ki...
 
Vətəndaşlardan birbaşa RYTN-ə daxil olan müraciətlərə gəlincə, birinci rübdə onların sayı əvvəlki illə müqayisədə 170 ədəd artaraq 612 ədəd təşkil edib. Daxil olan müraciətdən 134-ü telefon çəkilişi, 48-i işlə təmin olunma, 42-si maddi yardım verilməsi, 36-sı telefonun işləməməsi, 23-ü qəbula gəlmək, 15-i rəhbərlikdən şikayət, 8-i telefonun bərpası və s. məsələlərlə əlaqədar olub. RYTN-ə daxil olan ərizə və müraciətlərin təhlili göstərir ki, yerlərdə şikayətlərin azalmasının qarşısını almaq məqsədilə zəruri tədbirlər görülməli, hər bir qaldırılan məsələ haqqında tədbirin görülməsi və əhalinin qəbulunun düzgün təşkil edilməsi ciddi təmin edilməli və hər bir rəhbər işçi bu işdə öz məsuliyyətini başa düşməlidir.



Baxış sayı: 1593

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024