12px13px15px17px
Tarix:19/08/11

Azərbaycanın mobil rabitə operatorları nömrələrin köçürülməsi xidmətinin tətbiqinə hazırlaşırlar

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC tezliklə nömrələrin köçürülməsi xidmətinin (MNP - Mobile Number Portability) tətbiq edilməsinin tərəfdarıdır. Bu barədə “Bakcell”in Korporativ əlaqələr şöbəsinin rəhbəri Pərvanə Məmmədova məlumat verib.

P.Məmmədovanın sözlərinə görə, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) konkret tələbləri var. Tələblərə əsasən, mobil rabitə operatorları MNP xidmətinin tətbiqi üçün müvafiq infrastrukturun yaradılmasına görə lazımi tədbirlər həyata keçirməlidirlər.

"MNP xidməti Azərbaycanın üç mobil rabitə operatoru tərəfindən eyni vaxtda işə salınmalıdır. Bu, onun tətbiqində mühüm amildir. Buna görə bu istiqamətdə işlər bilavasitə nazirliyin diqqət mərkəzindədir. Bu xidmətə mobil rabitə bazarında ehtiyac birmənalıdır və onun öz şəbəkəmizdə mümkün qədər tez tətbiqi üzərində işləyirik, bu isə nazirliyin tələblərinə uyğundur", - deyə o bildirib. Nömrələrin köçürülməsi xidməti ilə bağlı məsələ RİTN-də keçirilən görüşlərdə mütəmadi qaldırılır. P.Məmmədovanın sözlərinə görə, lakin hələ ki bu xidmətin nə vaxt işə düşəcəyini proqnozlaşdırmaq mümkün deyil.

“Azərcell Telekom" da MNP xidmətinin öz şəbəkəsində tətbiqinə hazır olduğunu bildirib. "Azərcell Telekom"un İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxri Abbasovun dediyinə görə, bu xidmətin tətbiqi üçün hüquqi bazanın olması və operatorların texniki hazırlığı lazımdır.

F.Abbasov bildirib ki, bu, abonentə daha çox hüquqlar verən yaxşı beynəlxalq təcrübədir. Onun sözlərinə görə, sözsüz ki, onun tətbiqi bazara təsir göstərəcək. Abonentlərin daha çox seçim imkanı olacaq və mobil rabitənin keyfiyyətini və fasiləsiz işləməsini qiymətləndirən insanlar vəziyyətdən asılı olaraq qərar qəbul edəcəklər.

"Azərfon" MMC-də də hesab edirlər ki, MNP-nin tətbiqi abonentlərin maraqlarına uyğun olacaq və onun tətbiqi üçün abonentlərin maraqlarını qoruyacaq müvafiq qanunvericilik bazası hazırlanmalıdır. Aidiyyəti qurumlardan razılıq alındıqdan sonra nömrələrin köçürülməsi xidmətindən həm “Azərfon” şəbəkəsinin abonentləri, həm də digər operatorların abonentləri istifadə edə biləcəklər.

Hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi MNP xidmətinin tətbiqi üçün qaydalar hazırlayıb. Bundan başqa, hüquqi bazanın formalaşdırılması üçün müvafiq qaydalar işlənilib. Qaydalarda bu xidmətin tətbiq edildiyi ölkələrin təcrübəsi öz əksini tapıb.

Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. MNP xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə öz telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu, onları öz yaxınlarını və işgüzar tərəfdaşlarını nömrənin dəyişilməsi barədə məlumatlandırmaqdan azad edəcək.



Baxış sayı: 2262

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024