12px13px15px17px
Tarix:28/04/14

“TASİM” layihəsi üzrə operatorlar arasında prinsipial razılıq sənədinin üzərində iş aparılır

Bu il aprelin 24-25 tarixlərində Türkiyənin İstanbul şəhərində ənənəvi “Caspian Telecom” sərgisi keçirilib. Tədbirdə Azərbaycandan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirak edib.
 
Sözügedən sərgi zamanı “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, layihənin yenilikləri, hazırkı vəziyyəti və inkişafı barədə iştirakçılara ətraflı məlumat verilib.  Bu barədə "ICTnews" xəbər xidmətinə “TASİM” layihəsinin İşçi Qrupunun rəhbəri Zaur Həsənov məlumat verib. O bildirib ki,  hazırda “TASİM” layihəsi üzrə operatorlar arasında prinsipial razılıq sənədinin imzalanması üzərində iş aparılır.
 
 
Qeyd edək ki, “Trans Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi vacib regional təşəbbüs olmaqla əsas məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcəkdir. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya gedəcəkdir. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcəkdir.
 
 
2008-ci ilin noyabrında 14-cü Beynəlxalq Rabitə və İnformasiya Texnologiyaları Sərgi və Konfransı (Bakutel-2008) çərçivəsində Bakıda keçirilmiş nazirlərin görüşü zamanı Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi təşəbbüsünü irəli sürüb. Həmin il noyabr ayının 11-də Bakıda “TASİM” layihəsinin yaradılmasına dair xüsusi Bakı bəyannaməsi qəbul edilib.
 
 
2009-cu ilin 21 dekabrında BMT Baş Assambleyasının 64-cü sessiyasında “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinə dair qətnamə (A/Res/64/186) qəbul edilib. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə “TASİM”-in əlaqələndirilməsində Azərbaycan Respublikasının xüsusi rolu qeyd olunur.
 
 
2010-cu ilin aprel ayından etibarən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “TASİM” layihəsinin idarəetmə qrupunu yaradıb.
2011-ci ilin iyulunda Qəbələ şəhərində Azərbaycan tərəfi, aparıcı telekom şirkətləri - Çin (China Telecom), Qazaxıstan (KaZ TransCom), Rusiya (Rostelecom), Türkiyə (Türk Telekom) və Avropa İttifaqı (Pantel) iştirakı ilə “TASİM” üzrə 1-ci beynəlxalq seminar keçirmişdir. Belə ki, layihənin Katibliyi yaradılmış, operatorlar “TASİM” konsorsiumunun yaradılmasına dair Anlaşma Memorandumu üzərində işləməyə razılaşıblar.
 
 
“TASİM” layihəsi üzrə telekom operatorlarının növbəti görüşləri 2011-ci ilin 2-3 oktyabr tarixində İstanbulda və 2012-ci ilin 8-9 mart tarixində isə Budapeştdə keçirilib. Müvafiq olaraq, konsorsiumun idarə olunması, şərtləri və qaydaları üzrə danışıqlar davam etdirilmiş, tərəflər arasında Məxfilik Anlaşması imzalanıb.
 
Layihənin icrasının sürətləndirilməsi üzrə 2012-ci il dekabrın 21-də BMT Baş Assambleyasında yeni qətnamə (A/Res/67/194) yekdilliklə qəbul edilərək “TASİM” layihəsinə BMT-nin siyasi dəstəyi yenilənib, o cümlədən Əfqanıstan, Avstraliya, Azərbaycan, Belarus, Bolqarıstan, Çin, Kanada, Almaniya, Hindistan, Gürcüstan, İsveçrə, İsrail, İran, İraq, Koreya, Küveyt, Litva, Lüksemburq, Qazaxıstan, Qətər, Moldova, Pakistan, Portuqaliya, Rusiya, Sloveniya, Suriya, Tacikistan, Türkiyə, Ukrayna, ABŞ və Yaponiya bu dəstəyə qoşulub.
 
 
Regional telekommunikasiya tranzit marşrutunun genişləndirilməsinin inkişaf etdirilməsi istiqamətində özəl sektor, vətəndaş cəmiyyəti, elmi və beynəlxalq inkişaf institutları və hökumətlər arasında əməkdaşlığın yaradılması məqsədilə Beynəlxalq Telekommunikasiya İnstitutu ilə Avrasiya Rabitə Alyansının yaradılması təklifi bu qətnamə ilə dəstəklənib.
 
 
Avrasiya regionunda telekommunikasiya tranzit marşrutu üzrə siyasi dialoqun təşviqi, regional tərəfdaşlıq və əməkdaşlığın dəstəklənməsi, maarifləndirmənin artırılması, təcrübə və bilik mübadiləsi üçün imkanların yaradılmasına xidmət edəcək Avrasiya Rabitə Alyansının yaradılması üçün BMT-nin siyasi dəstəyi Baş Assambleyanın 2013-cü il sentyabrın  4-də keçirilən 67-ci sessiyasında səsverməyə çıxarılmadan qəbul edilən qətnamə (A/Res/67/298) ilə bir daha yenilənib.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 1116

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024