12px13px15px17px
Tarix:30/04/14

İlk dəfə olaraq azərbaycanlı top-menecer xarici ölkədə İKT-nin inkişafına verdiyi töhfəyə görə medala layiq görüldü

İlk dəfə olaraq azərbaycanlı top-menecer xarici ölkədə İKT-nin inkişafına verdiyi töhfəyə görə medala layiq görüldü. "ICTnews" Elektron Xəbər Xidmətinin məlumatına görə, "SİNAM" şirkətinin prezidenti Elçin Əliyev Qırğızıstanın Dövlət Vergi Xidməti tərəfindən həmin qurumda informasiya-kommunikasiya texnologiyalarının inkişafına verdiyi töhfəsinə görə medalla təltif edilib.
 
Qırğızıstanın Dövlət Vergi Xidmətinin (DVX) sədr müavini Oktyabr Abdıkaimovun sözlərinə görə, Elçin Əliyev Qırğızıstanda irimiqyaslı və mürəkkəb layihənin həyata keçirilməsinə görə mükafatlandırılıb. E.Əliyevin rəhbərlik etdiyi şirkət Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən İnteqrasiya Olunmuş Vergi İnzibatçılığı Sistemi (İTAS) layihəsini reallaşdırıb.
 
Sözügedən sistem DVX-ə bütün vergi xidmətinin fəaliyyətini dəyişməyə, onu dünya standartlarına uyğun, həmçinin Amerika və Yaponiyanın vergi sahəsi üzrə aparıcı mütəxəssislərinin töhfələrini və təcrübələrini nəzərə almaqla yeni mərhələyə yüksəltməyə imkan verib.
 
O. Abdıkaimov qeyd edib ki, Azərbaycanın İT şirkətinin hazırladığı və tətbiq etdiyi sistemin əsas üstünlükləri bunlardır: vergi inzibatçılığının bütün əsas biznes-prosesləri əhatə etməsi, sistemin çevik şəkildə tənzimlənməsi, sistemin yerlərdə müşayiət olunma zərurətinin olmaması və analitik hesabatlılığın yardımı ilə idarə qərarlarının verilməsinə dəstək.
 
Sistem vergi xidmətində çalışan əməkdaşlara yeni vergiləri və hesabatları müstəqil surətdə daxil etməyə, biznes-prosesləri, daxiletmə formalarını, həmçinin risklərin qiymətləndirilmə meyarlarını çevik şəkildə tənzimləməyə imkan verir. Sistem çərçivəsində qərarların verilməsi üçün çoxgöstəricili analitikanı və səmərəli hesabatları əldə etmək olar.
 
"SİNAM" şirkətinin prezidenti Elçin Əliyev bildirib ki, hazırda "SİNAM" vergi xidmətləri üçün nəzərdə tutulan həllərə malik qlobal İT şirkətlər siyahısına daxildir. Bu cür həllərə dünyada böyük tələbat var, çünki bir çox ölkələrdə "elektron hökumət"in tətbiqinə start verilib. "SİNAM" şirkəti vergi xidmətləri üçün işlənib hazırlanmış bu sistemi digər ölkələrdə də tətbiq etməyi planlaşdırır. Eyni zamanda, şirkət Tanzaniyada avtomatlaşdırılmış vergi sisteminin hazırlanması üzrə keçirilən tenderdə iştirak edir.
 
E.Əliyevin fikrinə görə, Azərbaycanın İT şirkətlərinin xarici bazarlara çıxışı ölkənin ixrac potensialını artırmağa və ölkə rəhbərliyinin İKT sektorunun üzərinə qoyduğu tapşırıqları reallaşdırmağa imkan verir.
 



Baxış sayı: 584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024