12px13px15px17px
Tarix:08/05/14

Aşqarlar Kimyası İnstitutu innovativ texnologiyaların tətbiqi sahəsində elmi tədqiqat işləri aparıb

AMEA Aşqarlar Kimyası İnstitutu (AKİ) innovativ texnologiyaların tətbiqi sahəsində bir sıra elmi tədqiqat işləri aparıb.

İnstitutdan bildirilib ki, yağlayıcı-soyuducu mayelərin işləmə müddətini xeyli uzadan aşqar, kənd təsərrüfatı məhsullarının tullantıları əsasında neft-qaz quyularının qazılmasında istifadə edilən buruq məhlulları üçün reagent, ekoloji problemlər yaradan işlənmiş yağların regenerasiya texnologiyası, parafinli neftlərin donma temperaturunu aşağı salmaqla onların uzaq məsafəyə nəqlinə imkan verən aşqar son illərdə həyata keçirilən elmi nailiyyətlərin nəticəsi kimi meydana çıxıb.
 
 AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin iclasında bildirmişdir ki, müəssisənin fəaliyyətində fundamental tədqiqatlarla yanaşı, ölkə iqtisadiyyatının inkişafına və müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş tətbiqi xarakterli işlər də xüsusi yer tutur. Eyni zamanda qeyd edilib ki, ölkəmiz tarixən neft hasilatı və emalı, sürtgü yağları istehsalının vətəni olduğu üçün keçmiş SSRİ-də aşqarların işlənib hazırlanması və istehsalı da ilk dəfə məhz Azərbaycanda həyata keçirilib.
 
Mövzu ilə əlaqədar institutun direktoru, akademik Vaqif Fərzəliyev “Aşqarlar Kimyası İnstitutunun bəzi elmi nailiyyətlərinin innovativ perspektivləri” adlı məruzə ilə çıxış edib.
 
Qeyd olunub ki, institut tərəfindən müasir və perspektiv tələblərə cavab verən aşqarların yaradılması və onların əsasında yüksək keyfiyyətli, xüsusi təyinatlı sürtgü və yanacaq kompozisiyaları və eləcə də digər xüsusi mayelərin işlənib hazırlanması sahəsində araşdırmalar aparılır. Elmi nəticələr istehsalatın neftçıxarma, neft-kimya, neft emalı sənayesi, maşınqayırma və metal emalı sahələri ilə əlaqədardır. Məruzədə vurğulanıb ki, AKİ tərəfindən yaradılmış texnologiyalar Azərbaycan, Rusiya, Ukrayna və Belarusda tətbiq edilib.
 
Məruzə müzakirə və sual-cavablardan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib, elmi tədqiqat işlərini “Azərbaycan-2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına uyğun aparmaq və  innovativ texnologiyaların tətbiqi istiqamətində lazımi işlər həyata keçirmək tövsiyə olunub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 859

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024