12px13px15px17px
Tarix:13/05/14

Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılmasında nüvə enerjisi istehsalı üzrə dünya lideri iştirak edəcək

Fransanın nüvə energetikası üçün avadanlıq istehsalı ilə məşğul olan  "Areva" şirkəti Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Milli Nüvə Araşdırmaları Mərkəzinin işinin təşkilində dəstək olacaq.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, "Areva" şirkətinin nüvə enerjisi sahəsində Mərkəzi və Yaxın Asiya ölkələri ilə iş üzrə nümayəndəliyinin direktoru Abbas Cəfəri  Cəlali bildirib ki, bu günədək şirkət  Azərbaycanın Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Radiasiya Problemləri İnstitutu ilə 2011-ci ildə imzaladığı müqavilə əsasında əməkdaşlıq edib.

"Bu müqavilə nüvə enerjisinin istehsalı ilə yanaşı, onun ümumi texniki tərəflərinin təkmilləşdirilməsini  nəzərdə  tuturdu. Bu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bizim elektron nüvə texnologiyaları ilə bağlı təqdimatımızla tanış olduqdan sonra bu sahədə əməkdaşlığın genişləndirilməsinə göstəriş verdi. Biz isə öz növbəmizdə bu sahədə malik olduğumuz təcrübəni Azərbaycanla  bölüşməyə hazırıq. Belə ki, növbəti 3-4 həftə ərzində bizim ekspertlər Azərbaycanın Milli Nüvə Araşdırmaları Mərkəzinin yaradılması layihəsi çərçivəsində  "Hazırlıq" adlanan mərhələsində yaxından iştirak edə bilərlər",- deyə o bildirib.

Qeyd edək ki, Fransanın "Areva" şirkəti nüvə enerjisi üçün avadanlıqların icad edilməsi, istehsalı və alternativ mənbələrdən elektrik enerjisinin istehsalı sahəsində fəaliyyət göstərir. Bu şirkət nüvə enerjisinin istehsalı sahəsində bütün fəaliyyət növləri üzrə təcrübəsi olan yeganə şirkətdir. Şirkətin qərargahı Parisdə, Kurbevuada yerləşir.
 
Aynur Vəliyeva



Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024