12px13px15px17px
Tarix:16/05/14

Vergilər Nazirliyi internet mühitində vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənir

Elektron ticarət həyata keçirməklə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər vergi ödəyiciləri hesab olunurlar və belə fəaliyyətlə məşğul olanlar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna alınırlar.
 
 Lakin müəyyən hallarda vergi orqanlarında uçota alınmadan internet üzərindən sahibkarlıq fəaliyyətini həyata keçirməklə gəlir əldə edən şəxslərə də rast gəlinir. Belə hallarda həmin şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülür.
 
Qeyd edilənlərlə yanaşı, Vergilər Nazirliyi (VN) tərəfindən elektron hərraclarda və sosial şəbəkələrdə yerləşdirilən elanlar və həmin elanları yerləşdirən şəxslər haqqında məlumatların əldə edilməsi və internet mühitində vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübə öyrənilir.
 
VN-dən “ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, bir sıra Avropa dövlətlərinin vergi administrasiyaları tərəfindən vergi nəzarətinin həyata keçirilməsi məqsədilə  internet saytlarında yerləşdirilən reklamlar, elektron ticarət, satıcılar, satış həyata keçirilən məkanlar, elektron ödənişlər və satılan mallar barədə məlumatlar toplanılması üçün internetdə xüsusi proqramların tətbiqi ilə axtarışlar həyata keçirilir, vergi nəzarətindən kənar qalan şəxslər aşkar edilir və onların fəaliyyəti vergiyə cəlb edilir:
 
 “Belə məlumatların əldə edilməsi üçün “Xenon”, “Web Data Extractor”, “Web Content Extractor”, “HT Track”, “Dores”, “EYEyes” və digər xüsusi proqramlardan istifadə edilir”.
 
Vergilər Nazirliyi bildirir ki, internet saytlarında və ya sosial şəbəkələrdə reklam yerləşdirməklə, habelə internet üzərindən elektron ticarət həyata keçirməklə bağlı sahibkarlıq fəaliyyətinin aşkar edilməsi, belə fəaliyyətlə məşğul olan şəxslərin fəaliyyətinə vergitutma baxımından nəzarət edilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi bu sahədə vergi nəzarəti tədbirlərinin daha da səmərəli həyata keçirilməsinə imkan verəcəkdir.
 
SEYMUR
 



Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024