12px13px15px17px
Tarix:12/06/14

4-cü “Mobillik qrantı”nın qalibi olan “Azərkosmos” ASC-nin əməkdaşı ABŞ-da qısamüddətli elmi təcrübə keçəcək

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2014-cü ildə keçirilmiş 4-cü “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olunub.
 
 
Müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil edib. Müsabiqəyə daxil olmuş 35 layihənin ekspertizası nəticəsində 6 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 29 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.
 
 
 Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 4-cü “Mobillik qrantı” müsabiqəsi üzrə 11 qalib layihə müəyyənləşdirilib və ümumi maliyyələşdirilmə həcmi 70100 manatdır. Fonddan bildirilib ki, 4-cü “Mobillik qrantı” müsabiqəsində qalib olan layihələrdən 9-u qısamüddətli elmi təcrübəkeçmə ilə (QMTK), 2-si isə xaricdə elmi tədbirdə iştirakla (XETİ) bağlı layihələrdir.
 
 
Qaliblərdən 3-ü qadındır və qaliblərin yaşı 26-68 arasında dəyişir. Qaliblər əsasən 5-i AMEA institutlarını (Fizika, Neft-Kimya Prosesləri, Geologiya və Geofizika, Coğrafiya və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi), 5-i Təhsil Nazirliyinin qurumlarını (Bakı Dövlət Universiteti, BDU-nun Fizika Problemləri və Tətbiqi Riyaziyyat ET İnstitutları, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti), 1-i isə “Azərkosmos” ASC-ni əhatə edir.
 
 
Müsabiqədə “Fizika-riyaziyyat və texnika elmləri” istiqaməti üzrə qalib olan “Azərkosmos” ASC-nin əməkdaşı Niyazi Piriyevin layihəsi “Sürətli robotlaşdırma: Açıq qaynaq proqramı ilə avtomatlaşdırma sistemləri” (Rapid robotics: Autonomous systems with open source software) ilə bağlıdır. Sözügedən layihənin istiqaməti xaricdə qısamüddətli elmi təcrübəkeçmə ilə bağlıdır. Belə ki, layihə müəllifi avqust ayında 5 gün müddətində ABŞ-ın Massaçusets, Kembric, Massaçusets Texnologiya İnstitutunda Qabaqcıl Təhsil Proqramında iştirak edəcək.
 
 
Ümumiyyətlə, fizika-riyaziyyat və texnika elmləri üzrə 4, kimya elmləri üzrə 2, Yer haqqında elmlər üzrə 3, humanitar və ictimai elmlər üzrə isə 2 layihə qalib elan olunub. “4-cü “Mobillik qrantı”nın qalibləri Belçikada (1), ABŞ-da (1), Türkiyədə (2), Avstriyada (1), Portuqaliyada (1), Rusiya Federasiyasında (1), Böyük Britaniyada (2), Almaniyada (1) və Yaponiyada (1) elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirak edəcəklər.
 
 
Qeyd edək ki, “Mobillik qrantı” üzrə müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanda elmin inkişafını dəstəkləmək, alimlərin xaricdə təcrübə keçməsini və tədbirlərdə iştirakını stimullaşdırmaq, beynəlxalq elmi əlaqələr qurulmasına şərait yaratmaq və ölkənin elmi kadr potensialını daha da gücləndirməkdir. “Mobillik qrantı” müsabiqələri daimi əsaslarla keçirilir. Yaxın günlərdə Elmin İnkişafı Fondu növbəti “Mobillik qrantı” müsabiqəsini elan edəcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 939

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020