12px13px15px17px
Tarix:17/06/14

Azərbaycan Texniki Universitetinin kafedra müdiri: “Ölkədə İT mütəxəssislərinin sayı artır”

“Respublikamızın inkişafının əsas istiqamətlərindən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Ona görə də hazırda iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətində çox əhəmiyyətli addımlar atılır”.

Bu  fikirləri “Rabitə dünyası”nın əməkdaşı ilə söhbətində Azərbaycan Texniki Universitetinin Telekommunikasiya şəbəkələri və texnologiyaları kafedrasının müdiri, professor Famil Məmmədov  söyləyib.
 
O bildirib ki, bu gün informasiya-kommunikasiya texnologiyaları iqtisadiyyatın inkişaf etdirilməsində, cəmiyyətin informasiyalaşdırılmasında, demokratiyalaşdırılmasında, korrupsiya ilə mübarizədə əsas vəzifədir. İKT-nin təhsil, səhiyyə, biznes, dövlət idarəçiliyi sahələrinin tərkib hissəsini təşkil etdiyini vurğulayan    professorun sözlərinə görə, respublikamızda söz azadlığının, elektron qəzetlərin, sosial şəbəkələrin mövcudluğu İKT-nin cəmiyyətə verdiyi əsas töhfələrdəndir.
 
 F.Məmmədov qeyd edib ki,  son illər ərzində İKT-nin inkişaf etdirilməsi istiqamətində görülən işlərin nəticəsində respublikamızın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası sahəsində mühüm nailiyyətlər əldə edilib: “Belə ki, ölkəmizdə e-hökumət, e-ticarət, distant təhsil və s. kimi iqtisadi fəaliyyətin yeni formaları yaradılıb. Yeri gəlmişkən qeyd edim ki, son 10 il ərzində İKT-ni inkişaf etdirmək üçün müvafiq hüquqi baza yaradılıb, bir çox vacib qanunlar və digər normativ hüquqi aktlar qəbul olunub. Onların da uğurla həyata keçirilməsi sayəsində respublikamız dünyada İKT sahəsində artıq inkişaf etmiş ölkələr sırasına çıxıb”.
 
 
Son 10  il ərzində İKT sektorunun iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəyə çevrildiyini deyən F.Məmmədov qeyd edib ki, MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda telefon şəbəkələri tam şəkildə elektronlaşdırılıb və ölkənin bütün yaşayış məntəqələri telefonlaşdırılıb:
 
“Əlbəttə, bütün bunlar sevindirici və arzulanan hallardır. Ölkənin ən ucqar kəndlərinə də sürətli internetin verilməsi üçün addımlar atılır. Buna görə də fiber-optik kabel çəkilişi layihəsi həyata keçirilir. Hazırda ölkənin hər bir nöqtəsindən internetə qoşulmaq olur. Üstəlik, internetlə bağlı hər hansı bir məhdudiyyətlə qarşılaşmadan istənilən sayta girmək və  istənilən informasiyanı yaymaq, eləcə də tam sərbəst formada fikirlərini beynəlxalq şəbəkədə ifadə etmək mümkündür. Bu da Azərbaycan hökumətinin Azərbaycan insanına yaratdığı ən böyük imkanlardan biridir”.
 
 
Ölkədə fəaliyyət göstərən İT mütəxəssislərinin sayının  get-gedə artdığını vurğulayan F.Məmmədov əlavə edib ki, bununla yanaşı, kompüter və elektron avadanlıqlarının istehsalı da ildən-ilə çoxalır. Onun sözlərinə görə, son 5 il ərzində ölkənin informasiya texnologiyaları sektoru təqribən 2 dəfə genişlənib:
 
 “Azərbaycanda “Elektron hökumət”in daha da inkişaf etdirilməsinə ciddi diqqət yetirilir. Bunun nəticəsidir ki, zəruri infrastruktur yaradılıb, istifadə qaydaları asanlaşdırılıb və bu gün artıq ondan yararlananların sayı minlərlədir. Hazırda elektron imzanın tətbiqi daha da genişlənməkdədir. E-imza əldə edənlərin sayı günü-gündən artmaqdadır. Sevindirici haldır ki, e-imzaya təkcə dövlət orqanlarında çalışanlar deyil, eyni zamanda biznes sektorunun nümayəndələri və eləcə də sadə insanlar da maraq göstərir”.
 
 
Dövlətin diqqət mərkəzində saxladığı məsələlərdən birinin də informasiya təhlükəsizliyinin olduğunu qeyd edən kafedra müdiri əlavə edib ki, bu sahənin təkmilləşdirilməsi, informasiya resursları və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə ümummilli hazırlığın və maarifləndirmənin yüksəldilməsi istiqamətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron təhlükəsizlik Mərkəzi əhəmiyyətli və uğurlu işlər görməkdədir: “Görülən işlərin davamlılığının təmin edilməsi və milli potensialın gücləndirilməsi üçün İKT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı genişlənir. Qeyd etmək yerinə düşər ki, RİTN yanında İnsan Resurslarının İnkişafı Fondu mütəxəssis hazırlığına hərtərəfli dəstək verir”.
 
 
“Yüksək Texnologiyalar Parkının və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Azərbaycan iqtisadiyyatının güclənməsinə, xarici və yerli investorların cəlb edilməsinə və ölkədə İT məhsullarının istehsalının genişləndirilməsinə istər maliyyə, istərsə də təşkilati dəstək verdiyini və onların sayəsində bir sıra uğurların əldə olunduğunu qeyd edən F.Məmmədov bildirib ki,  yaradılan şərait gənclərin bu sektor üzrə marağının böyüməsinə və axınına gətirib çıxardıb.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024