12px13px15px17px
Tarix:18/06/14

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında miqrant işçilərlə bağlı birgə məlumat bazası yaradılacaq

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında miqrant işçilərlə bağlı birgə məlumat bazası yaradılacaq. Bazanın 2014-2016-cı illərdə yaradılması nəzərdə tutulur. Eyni zamanda əmək bazarı üzrə statistik məlumatların toplanmasının təşkili işləri əlaqələndiriləcək. Bu tədbir isə 2014-2015-ci illər ərzində həyata keçiriləcək.
 
 
 Sözügedən tədbirlər İslam Əməkdaşlıq Təşkilatının Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin Bakıda keçirilən ilk iclasında qərara alınıb. Rəhbər Komitənin birinci iclası iyunun 18-də başa çatıb. İki gün davam edən iclasda Komitəyə 9 üzv ölkənin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziya) aidiyyəti dövlət qurumlarının yüksəksəviyyəli rəsmiləri, İƏT-in Katibliyi və tabe təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edib.
 
 
İclasda qeyd olunan Çərçivə sənədinin icrası məqsədilə hazırlanmış Fəaliyyət Planının layihəsi geniş və işgüzar müzakirələrdən sonra, iclas iştirakçılarının təklifləri də nəzərə alınmaqla qəbul olunub. Fəaliyyət Planında İƏT-ə üzv ölkələr arasında əməyin təhlükəsizliyi və sağlamlığının inkişafı üzrə 2014-2016-cı illər üçün texniki əməkdaşlıq istiqamətləri (əməyin təhlükəsizliyi və sağlamlığı üzrə göstəricilər, qlobal səviyyədə sistem (GHS), neft-qaz sənayesində, kimyəvi istehsal sahələrində, tikinti sektorunda əməyin təhlükəsizliyi və sağlamlığının inkişafı və s.) əksini tapır.
 
 
Həmçinin bu illər ərzində üzv ölkələrdə əməyin təhlükəsizliyi və sağlamlığı standartlarının geniş şəkildə tətbiqi, cari il ərzində isə Dövlət Əmək Müfəttişliyi Xidmətləri üçün vahid əməyin təhlükəsizliyi və sağlamlığı anlayışları üzrə tətbiqetmə siyasətlərinin hazırlanması nəzərdə tutulur. Bununla yanaşı, Fəaliyyət Planı məhbusların və məcburi köçkünlərin iqtisadi cəhətdən inteqrasiyasına yönələn təlim sistemi (2014-2016-cı illər), işçi hüquqlarının müdafiəsi və əmək bazarı üzrə qanunvericilik (2014-2015-ci illər) sahələrində də əməkdaşlığın həyata keçirilməsini, habelə İƏT-in Əmək bazarı və peşə təlimi mərkəzinin yaradılmasını nəzərdə tutur. Səsləndirilən təkliflərə uyğun olaraq, istehsalat qəzaları ilə bağlı sosial sığorta sisteminin tətbiqi, habelə əmək və məşğulluq problemlərinin həllinə islami prinsiplərdən yanaşma kimi məsələlər də ayrıca bəndlər kimi sənədə daxil edilib. Sənəddə qeyd olunan məsələlərin həlli ilə əlaqədar sponsor tərəflər də müəyyən olunub.
 
 
İclas çərçivəsində Malayziya tərəfinin Dövlət Məşğulluq Xidmətləri üzrə Şəbəkəyə dair təqdimatı olub. Tədbirin nəticələri kimi həmçinin İƏT-in Əmək Nazirlərinin növbəti konfransına təqdim olunmaq üçün hesabat və İcra Proqramının layihəsi də nəzərdən keçirilərək qəbul edilib. Xatırladaq ki, İƏT-in əmək nazirlərinin növbəti  konfransı 2015-ci ildə İndoneziyada keçiriləcək. Həmin vaxta qədər İƏT-in Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəyə sədrliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 567

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024