12px13px15px17px
Tarix:30/06/14

Naxçıvanda stasionar və CDMA telefonların borca görə avtomatik xəbərdar edilməsi və açılıb-bağlanılması sistemi istifadəyə verilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) və Naxçıvan Muxtar Respublikası RYTN tərəfindən daha bir birgə layihə həyata keçirilib və cari ilin iyun ayında istismara verilib.

Belə ki, Muxtar Respublika ərazisində işləyən stasionar və CDMA (simsiz) telefonların şəhərlərarası və beynəlxalq danışıq, aylıq abunə və internet borcları barədə avtomatik xəbərdar edilməsi sistemi yaradılıb və iyun ayından başlayaraq tətbiq olunmaqdadır.
 
Borc məbləğləri barədə abunəçilərə müəyyən edilmiş tarixlərdə və vaxtlarda avtomatik xəbərdarlıq zəngləri edilir və ödəniş həyata keçirildikdə zənglər avtomatik olaraq dayandırılır. Xəbərdarlıq zəngləri və müvafiq qeydlər (“telefon məşğuldur”, “cavab yoxdur”, “xəbərdar edilib”, “zumer yoxdur” və s.) sistem tərəfindən protokollaşdırılır və MHM-in serverində arxivləşdirilərək saxlanılır. Müəyyən olunmuş tarixədək borcları ödənilməyən stasionar və CDMA telefonların xəbərdar edildikdən sonra birtərəfli bağlanması və ödəniş edildikdə şəbəkəyə qoşulması da avtomatik rejimdə həyata keçiriləcək ki, bununla da əvvəllər insan faktoru səbəbindən telefonların bağlanılması və ödəniş edildikdən sonra açılması zamanı qarşılaşılan gecikmələrin qarşısı alınacaq.
 
 
Mütəxəssislər hesab edir ki, avtomatik xəbərdar etmə sistemi istismara verildikdən sonra əvvəlcədən məlumatlandırılan abunəçilər borclarını vaxtında ödəyəcək və borca görə bağlanılan telefonların sayı kəskin azalacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 693

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024