12px13px15px17px
Tarix:02/07/14

Tələbə və məzunlar üçün virtual təcrübə müəssisələri fəaliyyətə başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) tələbə və məzunların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və öz ixtisasları üzrə praktik bacarıqlara yiyələnmələri məqsədilə yaradılacaq virtual təcrübə müəssisələrinin təlimçiləri ilə görüş olub.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən qeyd edilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli tələbə və məzunların yiyələndikləri ixtisaslar üzrə nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara malik olmalarında virtual təcrübə şirkətlərinin yaradılmasının əhəmiyyətindən söz açıb. Bildirilib ki, ƏƏSMN və Dünya Bankının birgə icra etdiyi “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin alt-layihələrindən biri kimi, “Virtual müəssisələrin (Təcrübə firmalarının) yaradılması və fəaliyyətə başlaması” layihəsi üzrə artıq Azərbaycan Dövlət İqtisad Universitetinin və Xəzər Universitetinin bazalarında belə müəssisələrin yaradılması işlərinə başlanıb.
 
Artıq müvafiq otaqlar ayrılaraq kompüter və digər lazımi avadanlıqlarla təchiz olunub. Virtual təcrübə müəssisələrində təlimçi qismində çalışacaq 9 nəfər müəllim üçün bununla əlaqədar beynəlxalq ekspertlər tərəfindən müvafiq təlimlər keçirilib. Layihə artıq iyun ayının 1-dən fəaliyyətə başlayıb. Virtual müəssisələrin fəaliyyətinin təmin olunması məqsədilə üzvlük qaydaları və burada istifadə olunan proqram təminatı barədə “EUROPEN-PEN İnternational” şirkətindən məlumat əldə edilib. Azərbaycan artıq 2013-cü ilin yanvar ayından sayı 7500 olan virtual müəssisələrin üzvlər şəbəkəsinə qəbul olunub.
 
Hazırda dünyanın bir çox ölkələrində yaradılan virtual təcrübə müəssisələri interaktiv tədrisi yaxşılaşdırmağa, tələbə və məzunların öz ixtisasları ilə bağlı əmək bazarında işgüzar bacarıqlar qazanmasına və onları inkişaf etdirməsinə yönəlib. Tələbə və məzunlar virtual təcrübə müəssisələrində özlərini sanki real iş yerində olduğu kimi hiss edərək, öz ixtisaslarını praktik şəkildə reallaşdırmaq bacarıqları və vərdişlərinə yiyələnəcəklər. Layihə eyni zamanda biznes vərdişlərinə yiyələnmə sahəsində tələbə və məzunlar arasında rəqabət mühitini formalaşdıracaq. Bu isə onların gələcəkdə əmək bazarına daxil olmasını xeyli asanlaşdıracaq.
 
 İlkin mərhələdə tələbə və məzunlar üçün nəzərdə tutulan layihə gələcəkdə ilk dəfə iş axtaran gəncləri, fərdi sahibkarlıq fəaliyyətinə başlamaq istəyənləri də əhatə edəcək. Yaxın vaxtlarda layihənin geniş ictimaiyyətə təqdimatı həyata keçiriləcək.
Görüşdə layihənin icrası ilə bağlı bir sıra təşkilati məsələlər müzakirə olunub və layihənin nəticələri əsasında gələcəkdə bu sahədə işlərin daha geniş şəbəkədə aparılmasının mümkünlüyü vurğulanıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024