12px13px15px17px
Tarix:03/07/14

Elmin İnkişafı Fondu qrant müsabiqələrində qalib olmuş layihələrin monitorinqinə başlayıb

Prezident yanında Elmin İnkişafı Fondu qrant müsabiqələrində qalib olmuş müxtəlif xarakterli layihələrin monitorinqinə başlayıb.
 
Monitorinqlərin keçirilməsində məqsəd elmi tədqiqat işlərinin həyata keçirilməsi üçün ayrılmış vəsaitlərin səmərəli istifadəsinin artırılması, Azərbaycanda alınmış elmi nəticələrin dünya elmi ictimaiyyətinə çatdırılması, nəticələrin nüfuzlu jurnallarda nəşrinə nail olunması, bu işlərə olan elmi istinadların statistikasının araşdırılması, qrantlar üzrə hesabatlarda şəffaflığın təmin edilməsi kimi məsələlərdir.
 
 Fondun Mətbuat xidmətindən verilən məlumata görə, monitorinqin digər bir məqsədi isə qrant maliyyələşdirilməsi çərçivəsində Fond tərəfindən alınaraq layihələr üzrə istifadəyə verilmiş xüsusi elmi cihaz, avadanlıq və qurğuların, həmçinin İKT və digər avadanlıqların istifadə dərəcəsini müəyyənləşdirmək, mümkün problemlərin aradan qaldırılmasıdır.
 
 
Bu məqsədlə Fond avadanlıqlar verilmiş elmi müəssisələrdə razılaşdırılmış səyyar monitorinqlər də aparacaq. Monitorinqlərin nəticələri ümumiləşdirilərək gələcək fəaliyyətdə nəzərə alınacaq. Elmin flaqmanı olan AMEA-da birgə monitorinqlərin keçirilməsi razılaşdırılıb. Monitorinq zamanı elmi nəticələrin nəşr və aprobasiya dərəcəsi də aydınlaşdırılacaq. Beynəlxalq tələblərə uyğun olaraq, layihələrin nəticələri üzrə dərc olunmuş məqalənin və ya hər hansı elmi əsərin sonunda elmi tədqiqat işlərinin Fondun qrantı tərəfindən dəstəklənməsi və qrantın nömrəsi haqqında məlumat verilir. Fond bir qayda olaraq məqalələrin inkişaf etmiş ölkələrdə nəşr olunan yüksək impakt faktorlu jurnallarda dərcinə üstünlük verir.
 
Bu nəticələr qrant iddiaçılarının növbəti müsabiqələrdə iştirakı zamanı nəzərə alınacaq. Monitorinqlər layihələr üzrə icra məsuliyyətinin artırılmasına, qrant layihələrinin müəlliflərinin öz işlərində daha diqqətli və peşəkar olmalarına yardım edəcək. Monitorinq ölkədə elmin inkişafı üçün nəzərdə tutulmuş və Fond tərəfindən ayrılmış vəsaitlərin öz təyinatı üzrə istifadəsinə nəzarət olmaqla yanaşı, qrant maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsinə də kömək edəcək.
 
Monitorinqin nəticələri Fondun rəsmi internet səhifəsində işıqlandırılacaq.
Qeyd edək ki, Elmin İnkişafı Fondu həyata keçirilən qrant layihələri üzrə vaxtaşırı monitorinqlər keçirir və elmi ictimaiyyəti layihələrin gedişi ilə tanış edir. 
 
 
Həqiqət İSABALAYEVA                                               
 
 
 
 



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024