12px13px15px17px
Tarix:08/07/14

Sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair regionlarda seminarlar keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda yeni media və sosial şəbəkələrdə ictimai məsuliyyətin artırılmasına dair seminarların keçirilməsi” mövzusunda yeni layihənin icrasına başlanılıb.
 
Regional İnsan Hüquqları və Media Mərkəzi (RİHMM) tərəfindən həyata keçirilən layihə dörd ay müddətində davam edəcək. Mərkəzin rəhbəri Xalid Kazımov qeyd edib ki, layihə regionlarda sosial mediaya dəstək üçün bu sahədə ictimai məsuliyyətin artırılmasına yönəldilib:
 
“İnternet və bu platforma üzərində sürətlə yayılan sosial media bu gün həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Bununla hər bir fərdin özünü ifadə etmək, cəmiyyəti maraqlandıran problemləri ictimailəşdirmək imkanı yaranıb. On il öncə ictimai əhəmiyyətli informasiyalar yayılması üçün müəyyən problemlər yarana bilərdisə, bu gün yeni medianın imkanları sayəsində bu problem aradan qalxıb. Amma son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da çap mətbuatına maraq aşağı düşdüyündən yeni medianın inkişafı daha çox nəzərə çarpır. Ölkənin regionlarına çap mətbuatının yayılması aşağı səviyyədə olduğu üçün əhalinin əsas informasiya alma mənbəyi sosial media və televiziyalardır. Televiziyalar isə regionlardan olan xəbərlərə çox az yer ayırır. Belə olan halda region sakinlərini narahat edən ictimai və sosial məsələlər sosial media, xüsusən sosial şəbəkələr, bloqlar, xəbər portallarında işıqlandırılır. Amma bu tribunadan düzgün istifadə edilməməsi bəzən Azərbaycanın dövlətçilik maraqlarına zidd informasiyaların da qısa müddətdə geniş auditoriyada yayılması ilə nəticələnir”.
 
 
X.Kazımovun sözlərinə görə, layihə çərçivəsində iki seminarın keçirilməsi nəzərdə tutulur. Belə ki, Bərdə, Ağdam, Tərtər və Naftalanda yaşayan, sosial şəbəkələrdə aktivliyi ilə seçilən, sosial media və vətəndaş jurnalistikasına marağı olan gənclər arasından yeni media ilə bağlı seminarda iştirak edəcək gənclər seçiləcək: “Seminarlar Bərdə və Naftalanda keçiriləcək. Bərdə rayonunda keçiriləcək seminarda Ağdam və Bərdə rayonundan olan gənclər iştirak edəcək.
 
Seminarda iştirak üçün Ağdam rayonundan olan gənclərin də Bərdə rayonuna səfəri təmin ediləcək. Naftalanda keçiriləcək seminarda isə Naftalan və Tərtərdən olan gənclər iştirak edəcək. Bu seminar zamanı da Tərtər rayonundan olan gənclərin Naftalana səfəri təşkil ediləcək. Seminarda iştirakçılara oxucu maraqlarının gücləndirilməsi metodları, xəbərlərin hazırlanması, KİV haqqında qanun, sosial media, vətəndaş jurnalistikası ilə bağlı nəzəri və təcrübi biliklər veriləcək. Həmçinin, iştirakçılar bloq yaradılması, regiona aid xəbərlərin sosial mediada yayılması yolları ilə bağlı məlumat əldə edəcəklər. Gənclərə yeni medianın tamamilə məsuliyyətsiz sahə olmadığı və onlara verilən imkandan sui-istifadə edilməməsinin zəruriliyi aşılanacaq.
 
Gənclər yeni mediada yaydıqları doğru olmayan informasiya, başqalarına ünvanlanan təhqir, böhtana görə daşıdıqları məsuliyyət barədə məlumatlandırılacaq.
 
Sonrakı mərhələdə seminarda iştirak edən gənclərin yaşadıqları rayonlara aid hazırladıqları xəbər, audio və video reportajların ölkə mediasında yayılmasına köməklik göstəriləcək. Cəbhə bölgəsində yerləşən rayonlara aid xəbərlər həm seminar iştirakçılarının yaratdıqları bloqlarda, həm ölkə mətbuatında, həm də “Region xəbərləri” “Facebook” qrupunda yerləşdiriləcək”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 783

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024