12px13px15px17px
Tarix:23/07/14

Müəllim və şagirdlərdə İKT bacarıqlarının inkişafını nəzərdə tutan “eTwinning Plus” layihəsinin əhatə dairəsi genişləndiriləcək

Müəllim və şagirdlərdə informasiya- kommunikasiya texnologiyaları (İKT) bacarıqlarını inkişaf etdirməyi hədəf seçən “eTwinning Plus” layihəsinin əhatə dairəsi genişləndiriləcək. Belə ki, növbəti tədris ili ərzində daha 50 məktəb və 100 müəllimin bu layihəyə cəlb olunması nəzərdə tutulub. Sözügedən məsələ layihə üzrə 2014-cü il planlarına daxil edilib.
 
 
Qeyd edək ki, “eTwinning Plus” layihəsinin əsas məqsədi xüsusi platforma vasitəsilə 33 Avropa ölkəsindən olan məktəbləri Azərbaycan, Moldova, Ukrayna və Gürcüstanın məktəbləri ilə birləşdirmək və müştərək layihələr icra etməkdir. “eTwinning” Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir.
2005-ci ildə yarandığı ilk dövrdən başlayaraq “eTwinning” icmasına üzv olanların sayı getdikcə artıb və 200000-ə çatıb.
 
 
“eTwinning Plus” Avropaya qonşu ölkələr üçün “eTwinning” portalının genişlənməsidir. “Avropa qonşuluq siyasəti” 2004-cü ildə Avropa İttifaqı ölkələri ilə ən yaxın qonşu ölkələr arasında qarşılıqlı əlaqələrin dərinləşməsi məqsədilə işlənib-hazırlanıb. “eTwinning Plus” pilot layihəsində altı Avropaya qonşu ölkə iştirak edir: Şərq tərəfdaşlığına daxil olan Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Avropa-Aralıq Dənizi Əməkdaşlığına (EUROMED) daxil olan Tunis. Digər ölkələrin də “eTwinning” layihəsinə cəlb olunması mühümdür. Belə ki, “eTwinning Plus” əməkdaşlıq proqramı “insanlar arasında əlaqələr”in inkişaf etməsinə imkan yaradır ki, bu da Avropa İttifaqının Qonşuluq siyasətinin başlıca vəzifələrindən birini təşkil edir.
 
 
 “eTwinning” layihəsi göstərdi ki, məktəblərlə müəllimlər arasında əlaqələr onlara müstəsna faydalar verir, təhsil cəmiyyətimizin başlıca struktur elementi sayılır, Avropaya qonşu ölkələrdə yaşayan insanlarla əlaqələr isə mədəniyyətlərarası qarşılıqlı anlayışa və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə kömək edəcək. Layihə müəllifləri ümid edirlər ki, bu da öz növbəsində 21-ci əsrdə Avropa qonşuluğu ölkələrində qarşılıqlı hörmət və sabit inkişafın formalaşmasına təkan verəcək. “eTwinning Plus” portalında qeydiyyatdan keçən məktəblərə öz ölkələrində göstərilən dəstəyə gəlincə, proqramın üzv ölkələri “Tərəfdaşa Dəstək Agentliyi” xidmətini təsis ediblər.
 
Ölkəmizdə “Azərbaycan Mədəd” təşkilatı bu rolu yerinə yetirir. Agentliyin vəzifələrinə layihədə iştirak etmək üçün seçilmiş məktəbə və müəllimlərə köməklik göstərmək, təlimlər keçirmək daxildir. Layihədə iştirak etmək üçün şərtlərə gəlincə, məktəbinin “eTwinning Plus” proqramlarının iştirakçısına çevrilməsini istəyənlər adı sadalanan ölkələrdən birində yaşayırsa, bu halda ölkəsində olan “Tərəfdaşa Dəstək Agentliyi” xidməti ilə əlaqə yaratmalı və öz maraqları barədə onlara məlumat verməlidirlər.
 
Tərəfdaşa Dəstək Agentliyi layihədə iştirak etmək üçün məktəblərə qeydiyyatı həyata keçirir. İlkin seçimdən keçən məktəb “eTwinning İşçi masası”na çıxış imkanı ilə təmin olunur və burada həmin təhsil müəssisəsi məktəblərlə tərəfdaşlıq əlaqələrinin qurulmasına hazır olur, eyni zamanda “eTwinning Plus” portalında qeydiyyatdan keçmiş məktəb və müəllimlər haqqında məlumat əldə edə bilirlər. Hər bir “eTwinning Plus” məktəbi “eTwinning” layihəsində ən azı iki “eTwinning” ölkəsindən olan məktəblə əməkdaşlıq edə bilər.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024