12px13px15px17px
Tarix:31/07/14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən illik hesabat nəşr olunub

"Biz səylərimizi səfərbər edərək, ölkədə müasir informasiya cəmiyyətinin bərqərar olması naminə  İKT sahəsinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün çalışmalıyıq". Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun bu fikri "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi-2013" adlı illik hesabatda yer alıb.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən nəşr olunan hesabatın "Ön söz"ündə nazir qeyd edib ki, "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilən 2013-cü il sektor üzrə müsbət nailiyyətlərin əldə olunması ilə yadda qalıb:
 
"2013-cü ildə sahənin gələcək inkişafı üçün müxtəlif sənədlər, proqramlar hazırlanıb, normativ hüquqi baza təkmilləşdirilib. İKT-nin cəmiyyətdə tətbiqi və təbliği üzrə yerli və beynəlxalq seminar və konfranslar keçirilib, əhəmiyyətli layihələrin dəstəklənməsi üzrə müsabiqələr təşkil olunub, müxtəlif sosial və xidmət sahələrində e-xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlər görülüb.  Ən əsası odur ki,  görülmüş işlər sahənin gələcək inkişafı üçün baza rolunu oynayıb. Ölkəmizin "Azerspace-1" peykinin orbitə çıxarılması texniki sahədə əsas uğurumuzdur. Hazırda bir sıra rabitə xidmətləri ilə birgə milli peykimiz vasitəsilə 100-dən çox yerli və xarici TV və radiokanal yayımlanır və növbəti peyklərin orbitə çıxarılması üzrə hazırlıq işləri aparılır".
 
 
Hesabatda müxtəlif istiqamətlər, o cümlədən İKT, informasiya və poçt sektorunda dövlət siyasəti və tənzimləmə, İKT infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi, İT sənayesi və biliklərə əsaslanan iqtisadiyyatın inkişafı, informasiya cəmiyyətinin inkişafı, beynəlxalq əməkdaşlıq və regional layihələr, 2014-cü il: qarşıda duran vəzifələr yer alıb.
 
Qarşıda duran vəzifələrə bütün ölkə üzrə genişzolaqlı internet infrastrukturunun yaradılmasını nəzərdə tutan layihənin tətbiqinə başlanılmasıdır ki, bu, sektorun hərtərəfli inkişafı üçün güclü təkanverici vasitə olacaq.
 
Bununla yanaşı, kosmik sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və informasiya quruculuğu prosesinin sürətləndirilməsi üzrə işlərin davam etdirilməsi, yüksək texnoloji və elmtutumlu məhsulların hazırlanması üzrə Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili, yüksək texnologiyalar sahəsində elmi tədqiqatların aparılması üzrə işlərə dəstək verilməsi, poçt və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi, rəqəmli yayıma keçidin tam başa çatdırılması, analoq yayımın dayandırılması, habelə Bakı şəhərində ehtiyat rəqəmli DVB-T şəbəkəsinin yaradılması, bütün ölkə ərazisini əhatə edən Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq şəbəkəsinin qurulması, İKT İnkişafı Dövlət Fondu tərəfindən kredit və qrantların verilməsinin davam etdirilməsi, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkilidir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 938

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024