12px13px15px17px
Tarix:28/08/14

Elektron xidmətlərdən istifadə üçün yaş baryeri yoxdur

Elektron xidmətlərdən istifadə yaş həddi tanımır. 1932-ci il təvəllüdlü fərdi sahibkar Baxışov Ələkbər Məmməd oğlunun "Elektron imza" kartına sahib olması məhz belə bir baryerin olmamasının təzahürü, həmçinin elektron xidmətlərə getdikcə artmaqda olan marağın real göstəricisidir. "Rabitə dünyası" ilə söhbətində uzun illər ticarət sahəsində çalışdığını və hazırda da fəaliyyətini davam etdirdiyini bildirən ən yaşlı kart sahibi biznes prosedurları üçün "Elektron imza"ya ehtiyacı olduğunu vurğulayıb.
 
"Elektron imza" alınması prosedurları sizi yormadı ki" sualına cavab olaraq, Ə.Baxışov əksinə, xidmətdən məmnun qaldığını bildirib:
 
"Elektron imza" alınması sənədlərimi ayın 8-də təqdim etmişdim. Heç bir ləngimə, bürokratik əngəllər olmayıb, əksinə, proses çox rahat həyata keçirilib. Çox razı qaldım. Ticarət sahəsində fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm, "Elektron imza"nın da fəaliyyətimdə mənə böyük faydası olacağını düşünürəm".
 
Bu imzanın faydası və üstünlüklərindən bir qədər gec xəbər tutduğunu da təəssüflə bildirən Ə.Baxışov yaxın ətrafına, xüsusən tanışlarına ondan istifadə etməyi məsləhət görəcəyini qeyd edib: "Ətrafımda bu imzadan istifadə etməyi tövsiyə edə biləcəyim xeyli insan var. Eyni sektorda calışdığım oğlum da "Elektron imza" alınması üçün müraciət edəcək".
 
Sahibkar dövlət qurumları tərəfindən təqdim edilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərin internet üzərindən təqdim edilməsini də müsbət dəyərləndirib:
 
"Yeri gəlmişkən, özüm də internet istifadəçisiyəm, mütəmadi olaraq e-maili izləyib, göndərilən məktubları oxuyuram". Söhbətdən sonra 82 yaşlı "Elektron imza" sahibinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən birillik yüksəksürətli internet, genişzolaqlı internetə qoşulmaq üçün modem hədiyyə olunub. Həmçinin müraciətçinin yaşı, eyni zamanda, gələcəkdə kartın itirilməsi, unudulması və s. kimi halların baş verə bilmə riski nəzərə alınaraq, ona iki ədəd kart oxuyucusu, iki ədəd elektron imza kartı təqdim edilib.
 
 
Qeyd edək ki, hazırda "Elektron imza" kartı alanların sayı 22 mini ötüb. Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir və elektron imza - elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 948

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024