12px13px15px17px
Tarix:03/09/14

“Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit” mövzusunda konfrans keçirilib

Bakıda Azərbaycan-Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə növbəti dəfə ənənəvi İKT konfransı keçirilib. "Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit" mövzusunda təşkil olunan konfransın məqsədi Azərbaycan Hökumətinin yüksək texnologiyalar sahəsində həyata keçirdiyi işlərə töhfə vermək, habelə özəl sektorla hökumət nümayəndələri arasında qarşılıqlı işgüzar əlaqələrin genişləndirilməsinə xidmət etməkdir.
 
 
Konfransda Rabitə və Yüksək Texnologiyalar, Vergilər nazirliklərinin, Mərkəzi Bank, habelə özəl sektorun nümayəndələri yüksək texnologiyalar sahəsinin gələcək  inkişaf perspektivlərini müzakirə ediblər.
 
 
Açılış sessiyasında çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov rabitə və yüksək texnologiyalar sektorunda işgüzar mühitin formalaşdırılması üçün nəzərdə tutulan tədbirlərdən söz açıb. Növbəti illər üçün sahənin inkişafı üzrə əsas hədəflərin  "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında yer aldığını nəzərə çatdıran nazir elm və texnologiya potensialının gücləndirilməsi hesabına sənayenin innovasiyalar əsasında inkişafının nəzərdə tutulduğunu bildirib.
 
 
Əli Abbasov həmçinin, gələcək iqtisadi hədəflərin iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üzərində qurulduğunu, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənəcəyini, xüsusən bu sahədə innovativ sahibkarlıq üçün əlverişli, münbit şəraitin yaradılacağını bildirib.
 
Qarşıdakı illərdə rəqabətqabiliyyətli, ixrac potensiallı innovativ xidmət və məhsulların istehsalının genişləndirilməsinə diqqət çəkən nazir Azərbaycan bazarının əslində kiçik ölçülü olduğunu, buna  rəğmən bazarın çəkisinin artırılmasında innovativ inkişafın əsaslı rol oynayacağını vurğulayıb. Bazar imkanlarının artırılması istiqamətində elektron kommersiyanın xüsusi rolu ola biləcəyini deyən nazir bu sahədə liberal siyasətin yürüdüldüyünü, o cümlədən vergi və gömrük prosedurlarının yumşaldıldığını bildirib.
 
Bazarın virtual genişləndirilməsi sahəsində sərbəst ticarətin təşkili təcrübəsinin tətbiqini də vacib sayan nazirin sözlərinə görə, bu modeldən eksperiment kimi istifadəyə başlamağın zamanı yetişib. Bundan başqa, yerli şirkətlərin rəqabət qabiliyyətinin artırılmasında əsas əngəl kimi ucuz maliyyə resurslarına əlçatanlığın təmin olunmadığını əsas gətirən nazir bu sahədə də davamlı islahatların aparıldığını, eyni zamanda, güzəştli kreditlər əsasında dövlətin rentabelli, ixracyönümlü, xüsusi əhəmiyyət daşıyan layihələrə dəstək verməyə hər zaman hazır olduğunu söyləyib. Əlverişli və şəffaf biznes mühitinin formalaşmasında elektron xidmətlərin xüsusi roluna da toxunan Əli Abbasov Nazirlər Kabinetinin təsdiq etdiyi 478 xidmətdən hazırda 350-sinin elektron formada təqdim edildiyini, lakin vətəndaşlara daha çox vacib olan əksər xidmətlərin hələ də elektronlaşdırılmadığını, bu baxımdan qarşıdakı məqsədlərin həyata keçirilməsi üçün "Dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın hazırlandığını da nəzərə çatdırıb.
 
 
Azərbaycan-Amerika Ticarət Palatasının (AATP) direktoru vəzifəsinin müvəqqəti icraçısı Fərid İsmayılzadə konfransın ən yeni İKT trendləri ilə tanışlıq, İKT sektorunun aparıcı şirkətlərinin əsas tərəfdaşlarla müzakirələr aparmasına imkan yaratmaq məqsədi daşıdığını vurğulayıb. Bu sektorun sürətli inkişafından da söz açan F.İsmayılzadə AATP tərəfindən bu qəbildən konfransların təşkilinin ənənə halını alacağını qeyd edib: "Azərbaycan-Amerika Ticarət Palatası Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyasıdır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır".
 
 
Onun sözlərinə görə, 270-dən çox üzvü olan təşkilat Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir: "Sıralarımızda yerli şirkətlər də üstünlük təşkil edir.
 
Ümumiyyətlə, "AmCham" Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir".
 
 
Daha sonra interaktiv Davos formatında keçirilən konfrans  "Rabitə, yüksək texnologiyalar və "E-hökumət"in ölkənin inkişafında rolu", "Yüksək texnologiyalarda Azərbaycanın insan resurslarının potensialı", "Azərbaycanda yüksək texnologiyaya dair məhsulların stimullaşdırılması", "Azərbaycanda yüksək texnologiya və maliyyə qrupları arasında imkanlar və dilemmalar" mövzularında 4 sessiya üzrə davam etdirilib. İştirakçılar bu sahədə digər ölkələrin uğurlu təcrübələri və ölkəmizdə həyata keçirilən işlərlə bağlı təqdimatla çıxışlar ediblər.


Tədbirin sonunda "Microsoft Azərbaycan" və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu çərçivəsində tərəflərin innovativ texnologiyaların araşdırması və inkişafına İKT-nin tətbiqi istiqamətində imkanların yaradılması sahəsində əməkdaşlığı nəzərdə tutulur.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 2553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024