12px13px15px17px
Tarix:10/09/14

Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemi yaxın bir il ərzində istifadəyə veriləcək

Azərbaycan yaxın bir il ərzində Azərbaycan əlifbasını dəstəkləyən domenlərin qeydiyyat sistemini işə salacaq.
 
Azərbaycan Elektron Təhlükəsizlik Mərkəzinin və milli “*.AZ” domeni administratoru “İntrans” şirkətinin rəhbəri Faiq Fərmanovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda texniki nöqteyi-nəzərdən milli domen qeydiyyatçısı buna hazırdır.
 
“Biz bu sistemi istifadəyə verməyə texniki nöqteyi-nəzərdən hazırıq. Lakin mən milli domen qeydiyyatçısı kimi bu layihəni hazırkı məqamda reallaşdırmağın nə dərəcədə effektiv olacağına tərəddüd edirəm. Belə hesab edirəm ki, yaxın bir il ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə layihə istifadəyə veriləcək”, - deyə o bildirib.
 
F. Fərmanovun sözlərinə əsasən, hazırda ölkədə 22 min 800 domen qeydiyyatdan keçib.
 
“Bu, əhalinin sayına nisbətən hazırda o qədər  yüksək göstərici olmasa da, biz yüksək artım templəri (35-40%) nümayiş edirik və son bir ildə 6 minədək yeni domen qeydiyyata almışıq. Hazırda ölkədə 12 domen qeydiyyatçısı var, onlardan 6-sı xarici domen qeydiyyatçısı, 6-sı isə yerli şirkətlərdir. Onlar müvafiq olaraq xarici və yerli domenləri qeydiyyatdan keçirirlər. Dövlət qurumları və təhsil müəssisələri üçün biz domenləri pulsuz qeydiyyatdan keçiririk”, - deyə F. Fərmanov qeyd edib.
 
Aynur Vəliyeva



Baxış sayı: 919

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024