12px13px15px17px
Tarix:16/09/14

Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil prosesi elektron variantda həyata keçiriləcək

Bu il ilk tələbələrini qəbul edən Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil prosesi elektron variantda həyata keçiriləcək. Belə ki, məqsəd müəllim-tələbə təmasını sıfıra endirərək şəffaf təhsil prosesinə nail olmaqdır. Bundan başqa, auditoriyalarda quraşdırılan kameralar vasitəsilə Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi də təhsil prosesini daim nəzarət altında saxlayacaq.
 
Akademiyanın fəaliyyətə başlaması münasibətilə keçirilən mərasimdə DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, təhsil müəssisəsi gömrük orqanları üçün yüksəkixtisaslı kadrların hazırlanması, əməkdaşların ixtisasının artırılması və gömrük işi sahəsində elmi tədqiqatların aparılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli sərəncamı əsasında təsis edilib:
 
“Bu il ilk tələbələrini qəbul edən akademiya müasir ali təhsil ocağı kimi onların peşə biliklərinin daha dərindən mənimsənilməsi, nəzəri və praktiki vərdişlərin aşılanması işində müstəsna rol oynayacaq”. 
 
 
Qeyd edək ki, Qafqazda ilk dəfə olaraq gömrük işi sahəsində yüksəkixtisaslı kadrlar yetişdirəcək akademiya xüsusi təyinatlı ali təhsil müəssisəsidir və formalaşmasında müxtəlif ölkələrin təcrübəsindən istifadə olunub. Hələlik Akademiyanın müdavimi adını qazanan 40 tələbə iqtisadiyyat və hüquqşünaslıq ixtisaslarına yiyələnəcəklər. Gələcəkdə ixtisasların sayının artırılması və təhsilin əsasən ingilis dilində aparılması planlaşdırılır. Tələbələrdən 16-sı dövlət sifarişi əsasında ödənişsiz təhsil alacaq. Akademiyada təhsil prosesində bir sıra yeniliklər tətbiq ediləcək. Belə ki, valideynlərə, eyni zamanda tələbələrə xüsusi şifrlərin paylanması nəzərdə tutulur. Valideynlər bu şifrlər vasitəsilə virtual olaraq övladlarının aldığı qiymətlər, tədris prosesində göstərdikləri fəallığın səviyyəsi barədə məlumat almaq imkanına malik olacaqlar.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024