12px13px15px17px
Tarix:17/09/14

İtaliya şirkətləri Azərbaycanda İKT sahəsində fəaliyyət göstərməkdə maraqlıdırlar

İtaliyanın Verona şəhərində “Azərbaycan: İtaliya üçün biznes imkanları” mövzusunda təqdimat keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyi və Verona Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə italiyalı iş adamları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Verona Ticarət Palatasının icraçı direktoru xanım Silvia Nikolis çıxış edərək Azərbaycanın iqtisadi imkanları ilə daha yaxından tanış olmaq baxımından tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan ilə bağlı təqdimatın və bu ölkənin musiqilərindən ibarət konsertin məhz Veronada keçirilməsi iki ölkənin regionları arasında mövcud olan yaxın əlaqələrin göstəricisidir.


Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov ölkəmizdə müşahidə olunan sürətli iqtisadi inkişafdan bəhs edib. Bildirib ki, enerji sahəsinin inkişafı ilə yanaşı, qeyri-neft sektorunun tərəqqisi Azərbaycan hökuməti üçün prioritet istiqamətdir. Son illərdə ölkəmizdə yaradılan əlverişli investisiya mühiti həm daxili, həm də xarici sərmayəçilərin diqqətini cəlb edir.


“Bakı Ağ Şəhər”, “Xəzər adaları” və digər irimiqyaslı layihələr barədə məlumat verən səfir bu istiqamətdə görülən işlərin Azərbaycanın dinamik tərəqqisinin göstəricilərindən olduğunu vurğulayıb.


V.Sadıqov Avropanın enerji təhlükəsizliyi baxımından böyük önəm kəsb edən TAP layihəsindən də danışıb. Vurğulayıb ki, artıq TAP-ın həyata keçirilməsi reallığa çevrilməkdədir. İtaliyanın Baş naziri Matteo Renzinin cari ayda Bakıya nəzərdə tutulan səfəri çərçivəsində TAP layihəsinin reallaşması üzrə genişmiqyaslı işlərin başlanması ilə bağlı tədbir keçiriləcək.


Azərbaycan-İtaliya münasibətlərinə toxunan səfir bütün istiqamətlərdə əlaqələrimizin yüksək səviyyədə olduğunu deyib. Xüsusilə iqtisadi əməkdaşlığımızın sürətlə inkişaf etdiyini bildirən diplomat diqqətə çatdırıb ki, İtaliya şirkətləri ölkəmizdə qeyri-neft sektorunda, xüsusilə tikinti, infrastruktur, kənd təsərrüfatı, turizm, memarlıq, İKT və digər sahələrdə fəaliyyət göstərməkdə maraqlıdırlar.


Cari ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri bu münasibətlərin daha da genişlənməsinə töhfə verməkdədir. Səfər zamanı qəbul olunmuş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmli addım idi.


Digər çıxış edənlər tədbirin müxtəlif sahələrdə Azərbaycanın potensialını öyrənmək baxımından vacib olduğunu vurğulayıblar. Qeyd ediblər ki, artıq Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyub. İki ölkənin regionları arasında da münasibətlərin sürətli inkişafının şahidi olmaq sevindirici haldır.
Sonda Vaqif Sadıqov tədbir iştirakçılarının Azərbaycan ilə bağlı suallarını cavablandırıb.



Baxış sayı: 935

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024