12px13px15px17px
Tarix:18/09/14

Azərbaycanda yeni elektron tədris idarəetmə sisteminin tətbiqinə başlanılıb

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Azərbaycan İT şirkəti “Neuron Technologies” növbəti uğurlu layihəsinə start verib. Şirkət tərəfindən ali təhsil müəssisələrində tədris prosesinin “Bolonya sistemi”nə uyğun təşkilini təmin edən elektron idarəetmə sistemi hazırlanıb. 
 
 
Yeni tədris ilində bu sistemin ölkəmizdə ilk dəfə Dövlət Gömrük Komitəsinin Akademiyasında uğurlu tətbiqinə başlanıb.  Sistemin tətbiqi üzrə layihə çərçivəsində “Neuron Technologies” şirkəti tərəfindən akademiyada server avadanlığı quraşdırılıb, internet şəbəkəsi yaradılıb, dinamik veb portal və proqram təminatı işlənib-hazırlanıb. 
 
 
Şirkətin rəhbəri İsmayıl Ələkbərovun bildirdiyinə görə, bu yeni sistemi digər mövcud elektron sistemlərdən fərqləndirən əsas cəhətlər onun çoxsaylı kateqoriyalarda hesabatların bir toxunuşla əldə edilməsi, dərs cədvəllərinin “drag & drop” çəkib dartma üsulu vasitəsilə tərtibi, tədris materiallarının audio, video və digər formatlarında tələbələrə onlayn əlçatan olması, universitet kontingenti arasında ierarxik sistem üzrə sosial şəbəkə forumlarının aparılması, e-imtahanların keçirilməsi, yazılı imtahan vərəqələrinin barkod oxuma sistemi vasitəsilə insan müdaxiləsi olmadan təşkili və digər innovativ funksiyalara malik olmasıdır.
 
 
Ölkəmizin yerli mütəxəssislərinin hazırladığı interaktiv proqram təminatı “Oracle/Java” texnologiyası üzərində qurulub və 40-a qədər moduldan ibarətdir. Sistem vasitəsi ilə tələbə və müəllim heyətinin qeydiyyatı, onların idarə olunması, tədris planlarının, fənlərin dərs cədvəllərinin yaradılması, tələbələrin qiymətləndirilməsi, imtahanların, tələbələr arasında sorğuların keçirilməsi, daxili yazışmaların və forumların, habelə kitabxana işinin və mühasibatlığın aparılması avtomatlaşdırılır və elektron qaydada təşkil olunur.  Tələbələr, həmçinin valideynlər, istənilən vaxt və istənilən yerdən fərdi idendifikator və parolları ilə sözügedən tədris idarəetmə sisteminə mobil qaydada daxil olub müvafiq məlumatları əldə edə bilir.  Proqram təminatına tələbə və müəllimlərin universitetin inzibati binasına giriş və çıxışları üzrə “ağıllı kart” sistemi də inteqrasiya edilib.  Sistemə həmçinin, bulud texnologiyasına əsaslanan “Microsoft Office 365” platformasının inteqrasiyası da nəzərdə tutulub.
 
 
CAHANGİR



Baxış sayı: 1311

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024