12px13px15px17px
Tarix:03/10/14

Azərbaycanın viki-idarəçilərinin iştirakı ilə “Azərbaycan vikimediaçıları istifadəçi qrupu” təsis edilib

Azərbaycanın viki-idarəçilərinin iştirakı ilə "Azərbaycan vikimediaçıları istifadəçi qrupu" təsis edilib. Bu barədə məlumatı azərbaycandilli "Vikipediya"nın idarəçilərindən biri, istifadəçi adı "Cekli829" olan Tərxan Paşazadə məlumat verib. T.Paşazadə qrupun yaranması zərurətindən söz açıb:
 
"Bildiyiniz kimi, "Vikipediya" və digər əlaqəli viki-layihələr Vikimedia Fondu tərəfindən idarə olunur və bu fondun dünyanın 40 ölkəsində rəsmi nümayəndəlik statusuna malik yerli təşkilatları (Chapter) var.  Lakin yerli nümayəndəlik yaradılması bir qədər uzun və əziyyətli iş olduğu üçün bu ilin avqustunda Londonda keçirilən sonuncu "Vikimaniya" konfransında iştirak edən idarəçilərimizdən biri - Wertuose adlı istifadəçimiz Elgün Atalıyevin görüşdüyü Qoşulma Komitəsinin üzvü təklif etdi ki, istifadəçi qrupu şəklində fəaliyyət göstərsək, daha yaxşı olar. İstifadəçi qrupuna daxil olan istifadəçilər "Vikimedia" layihələrinin inkişafında konkret məqsədlərə nail olmaq üçün əməkdaşlıq edə bilərlər".
 
 
Onun sözlərinə görə, "Vikimedia" istifadəçi qrupu (Wikimedia User Group) adlanan bu sxemdə hər hansı dövlət qeydiyyatı və ya Vikimedia Fondunun rəsmi nümayəndəlikləri üçün irəli sürülən tələblərə cavab verməyə ehtiyac yoxdur: "Yalnız Vikimedia Fondunun Qoşulma Komitəsi qrupun məqsədlərini, təsisçilərin fəaliyyətini və əzmkarlığını qiymətləndirərək qrupu təsdiq etmək barədə qərar verir. Bakıya qayıtdıqdan dərhal sonra bu istiqamətdə fəaliyyətə başladıq və  fəal, həmçinin bu işə dəstək verməyə razılıq verən bütün az-viki idarəçilərinin iştirakı ilə "Azərbaycan vikimediaçıları istifadəçi qrupu"nu təsis etməyə qərar verdik. Nəhayət, Metada bir ay davam edən yazışmalar nəticəsində "Azərbaycan vikimediaçıları istifadəçi qrupu" Vikimedia Fondunun Qoşulma Komitəsi tərəfindən rəsmən təsdiq edilib. 2 oktyabr tarixində istifadəçi qrupu razılaşması imzalandı və qrup, müddətin uzadılması imkanı ilə 1 il müddətinə təsdiq edilib.
 
Bu münasibətlə azərbaycandilli vikicəmiyyəti təbrik edirik və inanırıq ki, bu gələcək uğurlarımızın başlanğıcı olacaq. Az-vikinin inkişafı, Azərbaycanda "Vikipediya"nın və digər Vikimedia layihələrinin təbliği, digər vikilərdə və VikiAnbarda Azərbaycanla bağlı məlumatların artırılması üçün birgə fəaliyyət göstərmək istəyən bütün fəal istifadəçiləri istifadəçi qrupunun fəaliyyətində iştirak etməyə dəvət edirik". "Vikipediya" idarəçisi bildirib ki, dəvəti qəbul edən bütün istifadəçilərdən qrupun meta səhifəsindəki "Members" (Üzvlər) bölməsində imza ataraq iştiraklarını təsdiqləmələrini və "Contact" (Əlaqə) bölməsində adı çəkilən istifadəçilərdən biri ilə əlaqə qurmaları xahiş edilir.
 
 
Qeyd edək ki, "Azərbaycan vikimediaçıları istifadəçi qrupu"nun sosial şəbəkələrdə səhifələri də (http://instagram.com/azvikipediya ;http://http://youtube.com/azvikipediya ;http://twitter.com/azvikipediya ; http://facebook.com/azvikipediya) istifadəyə verilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024