12px13px15px17px
Tarix:21/10/14

Nazir müavini: “Əhaliyə xidmətin müasir prinsiplər əsasında təşkili məqsədi ilə İKT-dən istifadə olunması ƏƏSMN-in əsas prioritetlərindəndir”

İdarəçilik sisteminin, habelə əhaliyə xidmətin müasir prinsiplər əsasında təşkili məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əsas prioritetlərindən biridir.  Bu sahədə aparılan işlər uğurlu nəticələr verir.
 
Belə ki, "Elektron hökumət" portalının statistikasına əsasən, nazirlik tərəfindən əhaliyə göstərilən "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" və "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" xidmətləri ən çox istifadə olunan elektron xidmətlərdir.
 
Bu elektron xidmətlərdən istifadə edənlərin sayının çoxluğu əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsini nəzərdə tutan islahat tədbirində işəgötürənlərin və işləyən əhalinin fəal iştirakını göstərir.
 
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bu fikri Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə keçirilən görüşdə bildirib. Nazir müavini qeyd edib ki, həmin xidmətlərin tətbiqinin hüquqi əsası Əmək Məcəlləsinə edilən dəyişikliklərdən irəli gəlib. Dəyişikliklərə əsasən, əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin ƏƏSMN-in elektron informasiya sistemində (EİS) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin EİS-ə daxil edilən elektron sənəddir. Əmək müqaviləsi müvafiq bildiriş formasında sistemdə qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir:
 
 
"2014-cü ilin 20 oktyabr tarixinə olan məlumata əsasən, "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidməti vasitəsi ilə  EİS-ə 1 424 160  əmək müqaviləsi bildirişi daxil edilib. Onların 87,4%-i və ya 1 245 267 ədədi əmək müqaviləsinin bağlanması, 8,6%-i və ya 122 024 ədədi əmək müqaviləsinə dəyişikliyin edilməsi, 45%-i və ya 56 869 ədədi əmək müqaviləsinə xitamın verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləridir. Daxil edilmiş bildirişlərin 98,7% elektron imza ilə təsdiq edilib".
 
Nazirlikdən verilən məlumata görə, İ.İsayev görüşdə EİS-də qeyd olunan tarixə aktiv olan bildirişlərin sayının 1 164 552 ədəd təşkil etdiyini, onların 93,8%-nin hüquqi şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə olduğunu diqqətə çatdırıb: "Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, fiziki şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə sistemdə 72 481 aktiv bildiriş mövcuddur ki, bu da bütün aktiv bildirişlərin 6,2%-ini təşkil edir. Qeyd olunan tarixə 46 659 işəgötürən bildirişlərin EİS-ə daxil edilməsi üçün qeydiyyata düşüb ki, bunun da 45,4% hüquqi şəxs statusunda olan işəgötürənlər, 54,6% isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs statusunda olan işəgötürənlərdir".
 
 Nazir müavini vurğulayıb ki, aparılan təhlillərə əsasən,  təxminən 350 mindən artıq əmək müqaviləsi bildirişlərinin bundan sonra sistemə daxil ediləcəyi gözlənilir.
 
 
İ.İsayev yeni yaradılan bu sistemin önəmli cəhətləri barədə məlumat verərək, onun ilk növbədə əmək münasibətlərinin  elektron müstəvidə şəffaflaşdırılmasına, işçilərin, eləcə də işəgötürənlərin hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işçilərin əmək və gələcək sosial təminatı üçün hüquqi əsasın yaranmasına, əmək bazarı haqqında dolğun məlumat bazasının formalaşmasına səbəb olduğunu bildirib.
 
 
 
Həqiqət İSABALAYEVA
 
 
 
 
 
 
 
 
 



Baxış sayı: 882

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024