12px13px15px17px
Tarix:29/10/14

“HTML5” internet standartının sonuncu versiyası üzərində iş başa çatıb

“World Wide Web Consortium” (W3C) təşkilatı “HTML5” internet səhifələrinin nişanlanması standartının sonuncu versiyası üzərində işi başa çatdırıb. Bu barədə konsorsiumun məlumatında deyilir. 
 
“HTML5” (HyperText Markup Language) – istifadəçi brauzerlərinə kontentin daxil edilməsini sadələşdirmək məqsədi daşıyan internet səhifələrinin nişanlanmasının hipermətn standartıdır. Hazırda əksər müasir fərdi kompüter və mobil brauzerlərin dəstəklədiyi “HTML 5” üzərində işə 2007-ci il martın 5-də başlanıb.
 
Standartın xüsusiyyətləri arasında video və audiokontentin əlavə genişlənmə olmadan (lazımi şifraçan brauzerə daxil edilib) emalı, dil vasitələri ilə ikiölçülü qrafikin təsviri üçün “Canvas” elementi, saytların qarşılıqlı fəaliyyəti üçün funksiyalar və s. qeyd etmək olar. Mobil tərtibatçılar üçün standart konkret platformaya uyğun əlavələrin yaradılması və mobil brauzerlər üçün “HTML5” əlavələrinin işlənməsi arasında seçim imkanı təqdim edir.
 
“Bu gün biz bilavasitə brauzerdə videoya baxmaq və musiqini dinləmək və ya brauzerin telefonda necə işləməsi barədə düşünmürük. Biz hər yerdə və bütün qurğularda fotoşəkilləri mübadilə etmək, alış-veriş etmək, xəbərləri oxumaq və informasiya axtarmaq istəyirik. Adi istifadəçilər üçün görünməz olan açıq “HTML5” standartı və “Open Web” platforması onların arzularının həyata keçirilməsini təmin edir”, - “Ümumdünya internet toru”nun  (WWW) yaradıcısı və “W3C” konsorsiumunun direktoru Tim Bernes-Li deyib.
 
“W3C” təşkilatının “HTML5” üzrə tövsiyələri ilə yekun sənəd 1,3 min səhifədən ibarətdir. Eyni zamanda, “W3C” artıq “HTML 5.1” standartını hazırlamağa başlayıb. Növbəti ildə buraxılması gözlənilən standartda əqli mülkiyyətin idarə olunması üzrə elementlər yer ala bilər.
 
Xatırladaq ki, “Apple” şirkətinin keçmiş rəhbəri Stiv Cobs 2010-cu ildə açıq "HTML5” standartını “Adobe Flash” texnologiyasına nisbətdə mobil internet dövrü üçün ən əlverişli standart adlandırıb. İl yarım sonra “Adobe” şirkəti mobil platformalar üçün “Flash Player” versiyasının hazırlanması üzrə işləri dayandırmasını bəyan edib və bununla S.Cobsun haqlı olduğunu etiraf etmiş olub, - "Lenta” yazır. 



Baxış sayı: 893

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024