12px13px15px17px
Tarix:07/11/14

Tələbələr arasında beynəlxalq “ACM ICPC” proqramlaşdırma yarışının ölkə mərhələsi başlayır

Azərbaycanda Universitet Tələbələrinin 39-cu "ACM ICPC" (International Collegiate Programming Contest) Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin ¼ final və ya ölkə mərhələsi keçiriləcək. Müsabiqənin rəsmi açılışı noyabrın 9-da saat 10:00-da Qafqaz Universitetində (QU) olacaq.
 
Tədbirin təşkilatçıları Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Proqramlaşdırma Müsabiqələri İştirakçılarının Milli Assosiasiyası, "IEEE Azərbaycan bölməsi" və "Azərbaycan ACM Bölməsi"dir.
 
 
Xatırladaq ki, "ACM ICPC" müsabiqəsinin Azərbaycan üzrə regional direktoru Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadə, münsiflər heyətinin sədri isə Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadədir.
 
 Müsabiqədə müxtəlif universitetlərin komandaları iştirak edir, qalib komandalar regional yarımfinala vəsiqə qazanır. İştirak edən hər komanda 3 nəfər bakalavr və ya magistratura səviyyəsində təhsil alan tələbədən ibarət olur. "Azərbaycan ACM Bölməsi"ndən bildirilib ki, komandalar 5 saat ərzində verilən məsələləri həll etməyə çalışır. Beynəlxalq İnformatika Olimpiadasından fərqli olaraq burada bir məsələnin həlli ancaq bütün testləri uğurla keçdikdə düzgün hesab olunur.
 
 Komandalara 9-11 alqoritmik məsələnin şərti verilir və müsabiqə zamanı iştirakçılar məsələlərin həllini C, C++, C#, Cava (Java), Paskal (Pascal) proqramlaşdırma dillərindən birində yazıb avtomatik qiymətləndirmə sisteminə göndərirlər.
 
Məsələlərin həlli bu sistem vasitəsilə yoxlanır və komandaya uyğun ballar verilir. Müsabiqənin şərtləri barədə daha ətraflı məlumatı "http://icpc.baylor.edu" veb-saytından əldə etmək olar.
 
 
Qeyd edək ki, "ACM" (Association for Computing Machinery – "ey-si-em" – Hesablama Maşınları üzrə Assosiasiya) informatika sahəsində ən qədim, ən mötəbər və ən böyük peşəkar təşkilatdır. Əsası 1947-ci ildə qoyulmuş assosiasiya informasiya texnologiyalarının sənət, elm, mühəndislik və tətbiqi istiqamətlərini irəli aparmaq amalı daşıyan, informasiyanın azad mübadiləsinə şərait yaratmaq və ən yüksək etik peşə standartlarını təbliğ etməklə həm peşəkar, həm də ictimai maraqlara xidmət edən beynəlxalq elm və təhsil təşkilatıdır.
 
Azərbaycanda ilk yerli "ACM" bölməsi olan Bakı Dövlət Universiteti "ACM" Tələbə Bölməsi 2011-ci ilin fevralından, Qafqaz Universitetindəki ACM Tələbə Bölməsi isə 2012-ci ilin yanvarından fəaliyyət göstərir. Azərbaycan "ACM" Bölməsi Qafqazda ilk peşəkar "ACM" bölməsi olaraq 24 fevral 2012-ci ildə təsis olunub.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 2085

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024