12px13px15px17px
Tarix:07/11/14

Azərbaycanın mədəniyyət və turizm naziri İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi ilə görüşüb. 

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, qonağı salamlayan Əbülfəs Qarayev Azərbaycanın qonşu və dost İranla əlaqələrinin tarixindən danışıb, bu əlaqələrin davamlı inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, dini, mədəni bağlılığımız digər istiqamətlərdə də əlaqələrin əsasını təşkil edir. Nazir gələn il İran İslam Respublikasında Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. 
 
Səmimi qəbula görə minnətdarlığını bildirən iranlı qonaq Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində ölkəmizə dəfələrlə səfər etdiyini, xalqımızın ümummilli lideri, görkəmli siyasətçi Heydər Əliyevlə görüşdüyünü, burada xeyli dostluq əlaqələri qurduğunu bildirib. Mədəni münasibətlərin vacibliyinə diqqət çəkən Mahmud Vaezi qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb, xalqlarımızın bir-birini daha yaxından tanıması üçün mədəniyyətin mühüm vasitə olduğunu bildirib. O, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin bu günlərdə Azərbaycana səfər edəcəyini və əlaqələrin inkişafına töhfə verəcək bir sıra sənədlərin imzalanacağını qeyd edib. 

İki ölkə arasında gediş-gəlişin daha rahat həyata keçirilməsi üçün viza rejiminin sadələşdirilməsinin faydalarından danışan iranlı nazir bunun qarşılıqlı turist səfərlərinin artmasına da təkan verəcəyini diqqətə çatdırıb. Eyni zamanda Azərbaycandan İranın bir sıra şəhərlərinə birbaşa hava uçuşlarının artırılmasının da əlaqələrin inkişafında rol oynayacağını bildirib.

Görüşdə o da qeyd olunub ki, Azərbaycan və İran bir sıra beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir, bir sıra layihələrdə bir-birini dəstəkləyir. Ölkələrimizin mədəni irs nümunələri YUNESCO-nun irs siyahılarında müştərək təmsil olunur. Vurğulandı ki, iki ölkə arasındakı bu əlaqələr bundan sonra da inkişaf etdirilməli, qarşılıqlı səfərlər intensivləşməlidir. 
 
CAHANGİR
 



Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024