12px13px15px17px
Tarix:11/11/14

Bakıda elm festivalı keçirilir (FOTOLAR)

Noyabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Bakı Elm Festivalı-2014"ün açılışı olub.
 
Festival AMEA-nın təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "Azercell"in sponsorluğu ilə keçirilir. Açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Azərbaycanda ilk dəfə keçirilən Bakı Elm Festivalının ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdığını, həmçinin, elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu vurğulayıb.
 
Bildirilib ki, elmimizin uğurlarının nümayiş olunduğu və hər il keçirilməsi planlaşdırılan festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları ilə yanaşı, bir sıra ali və orta təhsil müəssisələrinin nümayəndələri də iştirak edirlər. 10 noyabr - Dünya Elm Gününə təsadüf edən festivalın əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi tədqiqat işlərinə maraqları artırmaqdır. Həmçinin, festival ictimaiyyətin elm və texnika sahəsində əldə olunmuş yeniliklərlə tanış edilməsi, elm və cəmiyyət arasında dialoqun yaradılması baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan elminin bu gün yüksək potensialı, çox böyük uğurları, nailiyyətləri var. İnanırıq ki, festivalın keçirilməsi elmimizin inkişafına dəstək verəcək və AMEA-nın elmi kadr baxımından uğurlarının artmasına imkan yaradacaq. A.Əlizadə ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən xüsusi dövlət qayğısından, alimlərimizin əldə etdiyi uğurlu elmi tədqiqatların əhəmiyyətindən, gənc alimlərə yaradılan şəraitdən danışıb. O, AMEA-nın bir sıra dövlət qurumları ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. AMEA-nın prezidenti bildirib ki, elm festivalı çərçivəsində bir sıra tədbirlər keçiriləcək. Akademiyanın Milli Azərbaycan Tarixi, Arxeologiya və Etnoqrafiya muzeylərinə ekskursiyalar təşkil ediləcək.
 
Bundan əlavə, festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş olunacaq. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, həmçinin, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.
 
Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov çıxışında, Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında elmin qarşısında qoyulan mühüm vəzifələrdən və bu istiqamətdə görülən işlərdən söz açıb. Avropa Nüvə Tədqiqatları Mərkəzi və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi qeyd edib.
 
Özəl sektorun bu gün elmə daha çox ehtiyacı olduğunu diqqətə çatdıran Ə.Abbasov bildirib ki, elmin, təhsilin inkişafı təkcə AMEA-da aparılan işlərdən asılı deyil, cəmiyyət bu prosesdə yaxından iştirak etməlidir.
 
Cəmiyyətdə insan potensialı, elm və bilik potensialı gələcək inkişafımız üçün vacib bir amildir. Tədbirin Azərbaycan elminin inkişafına böyük töhfə verəcəyinə əminliyini vurğulayan Ə.Abbasov dövlət və özəl sektorları elmi dəstəkləməyə çağırıb.
 







Təhsil nazirinin müavini Firudin Qurbanov "Bakı Elm Festivalı -2014"ün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Sənaye ili"ndə keçirildiyini xatırladıb. Dünyada texnologiyanın sürətli inkişafını qeyd edən F.Qurbanov bu sahədə azərbaycanlı alimlərin yüksək nailiyyətlər qazandıqlarını bildirib. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə elmin və təhsilin inkişafına göstərdiyi qayğıdan söz açan nazir müavini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, ölkəmizdə elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsədi elm və təhsilin vəhdətinə nail olmaq, elmi fəaliyyətin məqsədyönlü istiqamətləndirilməsi üçün onun məhsuldar və innovativ qüvvələrə çevrilməsini təmin etməkdir. Elm və təhsilin birgə inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə və iqtisadiyyatımızın peşəkar mütəxəssislərlə təmin olunmasına imkan yaradacaq. Bu gün qarşımızda duran əsas vəzifələrdən biri təhsilin keyfiyyətini elmin gücü ilə yüksəltməkdir. Bunun üçün Təhsil Nazirliyi AMEA-nın bir sıra elmi tədqiqat mərkəzləri ilə elmi əməkdaşlığı genişləndirməyə böyük önəm verir.
 
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı, akademik Asəf Hacıyev festivalın elmi nailiyyətlərin təbliğində, elmə marağın artırılmasında mühüm rol oynayacağına əminliklərini bildiriblər.
 







Qeyd olunub ki, dövlətimiz tərəfindən alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəaliyyətinin qiymətləndirilməsi Azərbaycanda elmin yüksək səviyyədə, sürətli inkişafına təkan verib. Ölkəmizdə Elmin İnkişafı Fondunun yaradılması, AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi, elm və təhsil üzrə bir sıra layihə və islahatların həyata keçirilməsi bu sahəyə diqqət və qayğının parlaq nümunəsidir.
 
Daha sonra festival bədii hissə ilə davam edib. Festivalın marşı səslənib, əyləncəli elmi şoular nümayiş etdirilib. AMEA-nın institut və elmi təşkilatlarının, regional bölmələrinin elmi nailiyyətlərini əks etdirən sərgi açılıb. Sərgidə gənc alimlərin elmi maraq kəsb edən tədqiqat işlərinin nəticələri, multimedia instollasiyaları, elmi şoular, robotların yarışı böyük maraqla qarşılanıb.





 



AMEA-nın müxtəlif institut və elmi tədqiqat mərkəzləri, ali təhsil ocaqları tərəfindən nəşr edilmiş ədəbiyyat nümunələri də sərgidə yer alıb. Bakı Elm Festivalının birinci günü Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi və digər yerlərə ümumilikdə səkkiz elmi ekskursiya təşkil olunub.
 
Həmçinin, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat institutlarında, Azərbaycan Dövlət Neft Akademiyası, BDU, Azərbaycan Tibb Universiteti və digər ali məktəblərdə 23 elmi-populyar mühazirələr keçirilib.
 
Eyni zamanda, 6, 23 və 132 və 134 nömrəli orta məktəblərdə festivalın proqramlarını izləmək mümkün olub. Bakı Elm Festivalı noyabrın 11-də ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr və əyləncəli elmi şoularla davam edəcək.






Baxış sayı: 1475

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024