12px13px15px17px
Tarix:12/11/14

Beynəlxalq elektron idman federasiyasının prezidenti: “Bakıda keçirilən Kompüter oyunları üzrə VI Dünya çempionatı İT sahəsinin inkişafında yeni addım olacaq”

Gənclər və idman naziri Azad Rəhimov Beynəlxalq elektron idman federasiyasının prezidenti Byung Hun Junla görüşüb.

Görüşün əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 sentyabr 2014-cü il tarixli sərəncamına müvafiq olaraq Bakıda start götürən Kompüter oyunları üzrə VI  Dünya çempionatı ətrafında müzakirələr aparıb, gerçəkləşəcək tədbir haqda fikir mübadiləsinin bölüşdürülməsi olub.
 
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, nazir Azad Rəhimov Azərbaycanda gənclərin kompüter oyunlarına çox böyük maraq göstərdiyini diqqətə çatdırıb, bu sahədə nazirlik tərəfindən hər il respublika üzrə yarışların keçirildiyini, Bakının Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransına ev sahibliyi etdiyini  bildirib: “Ötən il Azərbaycanda gerçəkləşən kompüter oyunları üzrə respublika çempionatında 2500-dən artıq gənc aktiv şəkildə iştirak edib. Bu gün Azərbaycanın 20 faiz torpaqlarının işğal altında olmasından irəli gələrək, gənclərimiz tərəfindən “Şuşanın işğalı”, “Ağdamın işğalı” adlı vətənpərvərlik ruhunda kompüter oyunları işlənib hazırlanır”.
 
 
Qonaq Byung Hun Jun ölkə başçısı İlham Əliyev tərəfində Bakıda Kompüter oyunları üzrə VI  Dünya çempionatının keçirilməsi ilə bağlı imzalanmış Sərəncam üçün dövlətimizə öz təşəkkürünü bildirib: “Digər ölkələrlə müqayisədə Azərbaycan kompüter oyunları üzrə Dünya çempionatına çox böyük diqqət və maraq ayırır. Bu gün İT sahəsinin günbəgün inkişafı gənc nəsil arasında bu sahəyə marağı daha da artırır. Əminəm ki, Bakıda baş tutacaq  Kompüter oyunları üzrə VI  Dünya çempionatı İT sahəsinin inkişafında yeni addım olacaq”.
 
 
Qeyd edək ki, Kompüter oyunları üzrə Dünya çempionatları 2009-cu ildən etibarən özündə 48 üzv ölkəni birləşdirən Beynəlxalq Kiber İdman Federasiyasının (IeSF) təşəbbüsü ilə keçirilir. Bakıda baş tutacaq Kompüter oyunları üzrə 6-cı Dünya Çempionatında dünyanın 33 ölkəsini təmsil edən 250 nəfərdən artıq nümayəndə iştirak edəcək. Yarışın ümumi mükafat fondu isə 90 000 manat təşkil edir ki, bu da öz növbəsində Kompüter Oyunları üzrə Dünya çempionatlarının keçirilmə tarixində ən böyük mükafat fondudur.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024