12px13px15px17px
Tarix:14/11/14

Daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər aparılır

Ölkə başçısının 3 fevral 2014-cü il tarixli fərmanının icrası məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına start verib.
 
Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət sənədləri, o cümlədən mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir. İlkin mərhələdə bu kampaniya 13-14 noyabr tarixlərində Saatlı və Şəmkir rayonlarının bir neçə kəndində həyata keçirilib.
 
Kampaniyanın üstünlüklərindən biri də dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunmasıdır. Belə ki, vətəndaşlar əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlər əsasında dövlət reyestrindən çıxarışları ərazi qeydiyyat idarələrinə getmədən bilavasitə yerlərdə əldə ediblər. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd rahatlıq və çevikliyi təmin etmək, vaxta qənaət etmək və vətəndaş məmnunluğunu artırmaqdır.
 
 Eyni zamanda, xatırladaq ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də aparılır. Kampaniyanın keçirildiyi 2 gün ərzində 300-ə yaxın vətəndaşın əvvəllər yaranmış mülkiyyət hüquqlarını təsdiq edən sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.
 
Komitədən qeyd edilib ki, noyabr ayından start verilən kampaniya respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdiriləcək. Komitə tərəfindən həyata keçirilən bu kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini stimullaşdırmaqla daşınmaz əmlak bazarının inkişafına müsbət təsirini göstərəcək. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunması, investisiya obyektinə çevrilməsinə təkan verəcəkdir.
 
Kampaniyanın davamlı həyata keçirilməsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun artması və vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılmasına xidmət edəcək:
 
 “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı son illərdə uğurlu tədbirlər həyata keçirilib. Belə ki, qeydiyyat prosedurları sadələşdirilib, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı müddətlər qısaldılıb. Komitə fəaliyyət istiqamətləri üzrə şəffaflıq və operativliyin artırılması məqsədilə 29 elektron xidmət, o cümlədən 2 onlayn xidmət istifadəyə verib. İlk onlayn xidmət sayəsində vətəndaşlar daşınmaz əmlaka dair yüklülük arayışlarını (Forma-1) notariuslarda onlayn qaydada əldə edirlər. Digər onlayn xidmət isə  mülkiyyətçilərə daşınmaz əmlak barədə dövlət reyestrində qeydə alınmış məlumatlarla onlayn tanış olmaq imkanı yaradıb”.
 
 Vətəndaşlar daşınmaz əmlakın yüklü, girovda və ya həbsdə olması və digər reyestr məlumatlarını ərazi idarələrinə getmədən internet vasitəsilə öyrənə bilirlər. Bundan əlavə, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, texniki pasportların tərtibi, xidmət haqlarının ödənilməsi digər hüquqi əməliyyatlarla bağlı elektron xidmətlər də vətəndaşların istifadəsindədir:
 
“Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompüter şəbəkəsi yaradılıb. Hazırda daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər aparılır. Bu məqsədlə, Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin binası tikilir. Bakı şəhərinin bütün rayonları və respublikanın bütün bölgələri üzrə müasir ərazi qeydiyyat idarələri fəaliyyət göstərir.
Bu ilin aprel ayından həyata keçirilən mobil ofis xidmətləri daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsi məqsədi daşıyır. Mobil ofislər daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətləri xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar) ünvanına çatdırır. Daşınmaz əmlakın qeydiyyatında sahəsində görülən işlər bu il qeydiyyat sayının rekord həddə çatmasına səbəb olub. Belə ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 168 min daşınmaz əmlak qeydiyyata alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 17,4 faiz artıb. Bütün bu tədbirlərin nəticəsində Azərbaycan son üç ildə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və 189 ölkəni əhatə edən “Doing Business” hesabatlarında daşınmaz əmlakın qeydiyyatı sahəsində dünya üzrə ilk onluqda yer alır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 781

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024