12px13px15px17px
Tarix:14/11/14

“Startup Günləri” çərçivəsində “Milli startuplara dövlətin və özəl sektorun dəstəyi” mövzusunda konfrans keçirilir

Bu gün Yüksək Texnologiyalar Parkında "Startup Azərbaycan" layihəsinin təşkil etdiyi "Milli startuplara dövlətin və özəl sektorun dəstəyi" mövzusunda konfrans işə başlayıb.
 

Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, startupçıların əsas məqsədi maraqlı ideya təqdim etmək olmalıdır.
 
"Nazirlik olaraq bizim məqsədimiz startupçılara dəstək olmaqdır. Startupçılar isə ilk növbədə maraqlı ideya təqdim etməlidirlər, ideya olduğu halda onun reallaşdırılması üçün vəsait özü tapılacaq. Ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020-Gələcəyə baxış" İnkişaf Konsepsiyasında ölkədə perspektivli inkişaf istiqamətləri göstərilir. Startupçılara tövsiyə edərdim ki, bu konsepsiyaya uyğun yeni ideyalar təqdim etsinlər və birlikdə gələcək planların reallaşdırılmasına nail olaq.  Eyni zamanda belə tədbirlər startupçılara dostluq əlaqələri qurmaq və birgə fəaliyyət göstərmək üçün yaxşı bir imkandır. Yüksək Texnologiyalar Parkında yaradılmış şərait müxtəlif texnologiyaların prototiplərini beynəlxalq səviyyədə təqdim etməyə imkan verəcək. Bu arada yaxın zamanda işə başlayacaq "Bakutel-2014" sərgisində biz ötən il olduğu kimi, startupçılara yer ayırmağı planlaşdırmışıq", - deyə nazir müavini bildirib.
 
Tədbir çərçivəsində Yüksək Texnologiyalar Parkı, "Cybernet", "İnfipro", "SİNAM", "SMART" və "Khazar Ventures" şirkətlərinin nümayəndələri yeni başlayan startupçılarla öz təcrübələrini bölüşüb və tövsiyələrini veriblər.
 
 "Startup Günləri"nin keçirilməsində məqsəd ölkədə  internet biznesin inkişafına təkan vermək, milli startup infrastrukturunu inkişaf etdirmək, yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki  dəstək vermək,  startupçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

"Startup Günləri"nin əsas tədbirlərindən biri də startupçıların  biznes ideyalarının və yeni İnternet layihələrinin ilkin variantlarının yarışması olacaq.
Üç gün ərzində beynəlxalq səfər tədbirlərində iştirak edən  yerli startup sahiblərinin  yeni başlayan, internet biznesə maraq göstərən gənclərlə görüşləri təşkil olunacaq.
 
"Startup Günləri"ndə  startupçılar  innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq,  mentorların və ekspertlərin köməyi ilə yeni startup layihələrinin ilkin variantlarını hazırlayacaqlar.
Yekunda  bu layihələrin təqdimatları və  yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.
 
Qeyd edək ki,noyabrın 16-da "Startup Günləri" başa çatacaq.
 
Aynur Vəliyeva



Baxış sayı: 1092

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024