12px13px15px17px
Tarix:17/11/14

Azərbaycanda sosial şəbəkələrdə alqı-satqı edənlər vergiyə cəlb olunurmu?

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ölkədə elektron ticarətin də genişlənməsinə səbəb olub. Hazırda bu sahədə bir neçə sayt uğurlu şəkildə fəaliyyət göstərməkdədir.
Sektorun yüksək gəlirliliyi yeni-yeni startupların yaranmasına da zəmin yaradıb. Bu səbəbdəndir ki, onların sayının gündən-günə çoxalması müşahidə edilməkdədir.
 
Qeyd edək ki, internet üzərindən alış-verişi asan şəkildə həyata keçirmək üçün təkcə sayt yaradılmır, eyni zamanda sosial şəbəkələrin də verdiyi üstünlüklərdən yararlanmağa çalışılır.
 
 Azərbaycanda da “Facebook” istifadəçilərinin sayı kifayət qədər yüksəkdir. Bu baxımdan sosial şəbəkələrdəki böyük alıcı qüvvəsini nəzərə alan e-ticarət şəbəkəsini quran insanlar özlərinin biznes ideyalarını sözügedən istiqamətə də yönəltməklə vəsait əldə edirlər.
 
Amma bu zaman insanları düşündürən ən başlıca məsələlərdən biri də vergilərdir.
Belə ki, Azərbaycan vətəndaşı sosial şəbəkələr üzərindən sifariş qəbul edərsə və bununla əlaqədar gəlir əldə edərsə, bu zaman hansı vergiləri ödəməlidir?
 
 
Vergilər Nazirliyi sözügedən məsələyə aydınlıq gətirib.
 
Nazirlik qeyd edir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ilk növbədə sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.
 
“Təsərrüfat subyektini (obyektini) uçota qoymalı və həmin obyektdə göstəriləcək fəaliyyət növünə uyğun olaraq nəzarət-kassa aparatının tətbiq edilməsi nəzərdə tutulduğu halda, nəzarət-kassa aparatını qeydiyyata qoymalı, seçdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergiləri (sadələşdirilmiş, gəlir, ƏDV və s.) hesablayıb dövlət büdcəsinə ödəməli və bəyannamələri vergi orqanına təqdim etməlidir” – deyə nazirlikdən bildirilib.
 
 
Vergilər Nazirliyi onu da qeyd edir ki, bu, Vergi Məcəlləsinin 13.2.37-ci (sahibkarlıq fəaliyyəti anlayışı), 16.1.8-ci, 16.1.9-cu (vergi ödəyicisinin vəzifələri), 33.1-ci, 33.4-cü (vergi ödəyicilərinin uçotu), 96.1-ci (gəlir vergisinin vergitutma obyekti), 159-cu (ƏDV-nin vergitutma obyekti), 219-cu (sadələşdirilmiş verginin vergitutma obyekti) maddələri və Azərbaycan Respublikasının 10.05.2005-ci il tarixli 908- IIQ N9-li "Elektron ticarət haqqında" Qanununa əsasən tənzimlənir: “Vergi orqanlarında uçot prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı nazirliyin rəsmi internet səhifəsindən "Vergilərin ödənilməsi və bəyannamələrin verilmə müddətləri", "Sahibkarın vergi bələdçisi" bölmələrindən və ya 195 Çağrı Mərkəzinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz”.
 
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 1087

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024