12px13px15px17px
Tarix:18/11/14

Nazir: “Elektron məhkəmə aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcək”

Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, elektron məhkəmə sisteminin qurulması və inkişaf etdirilməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə aparılan  genişmiqyaslı islahatlar nəticəsində məhkəmə sistemi köklü şəkildə yaxşılaşdırılıb, yeni məhkəmələr yaradılıb, hakimlərin Avropada ən şəffaf seçim qaydaları müəyyən edilib, məhkəmə infrastrukturu yüksək statusuna uyğun müasirləşdirilir.
 
Bu sahədə Dünya Bankı ilə birgə həyata keçirilən Ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 4 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib, 8 məhkəmə üçün bina və komplekslərin inşası başa çatmaq üzrədir.
 
 
Məhkəmə sisteminin inkişafı üzrə həyata keçirilən tədbirlərin davamı olaraq 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində Quba rayonunda müasir tələblərə uyğun yeni inşa olunmuş rayon məhkəməsinin binasının açılışı olub. Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Dünya Bankının Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
 
Bina ilə tanışlıq zamanı bildirilib ki, Quba Rayon Məhkəməsi ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunub, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən "Femida" sistemi və digər zəruri infrastruktur quraşdırılıb.

Mərasimdə çıxış edən ədliyyə naziri ölkə Prezidentinin rəhbərliyi ilə son illər respublikamızın, xüsusilə regionların sosial-iqtisadi inkişafında əldə olunmuş yüksək nailiyyətlərdən, genişmiqyaslı məhkəmə-hüquq islahatlarından danışıb, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini, regionlarda 20-dək yeni məhkəmənin yaradılmasını, hakimlərin sayının iki dəfə artırılmasını, onların şəffaflığa görə Avropada örnək kimi dəyərləndirilən seçimini qeyd edib.
 
Diqqətə çatdırılıb ki, Quba Rayon Məhkəməsinin binası Dünya Bankı ilə birgə həyata keçirilən və ən uğurlu hesab olunan layihə çərçivəsində ərsəyə gəlib. Görülən işlərin müsbət nəticələri Dünya Bankı ilə əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradıb və bu yaxınlarda Bank və Azərbaycan Hökuməti arasında "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı yeni daha irihəcmli layihə imzalanaraq onun implementasiyasına başlanılıb.
 
 
Nazir məhkəmədə qabaqcıl İKT-lərin, xüsusilə ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq elektron məhkəmə informasiya sisteminin tətbiqi üçün lazımi şəraitin yaradıldığı bildirilərək, onun məhkəmə fəaliyyətində aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə verəcəyini vurğulayıb.
 
 
Qeyd olunub ki, ölkəmizdə məhkəmə islahatları beynəlxalq aləmdə də böyük maraq doğurur, xarici ölkələrin ədliyyə nazirləri, Avropa Şurasının yüksəksəviyyəli şəxsləri, o cümlədən Avropa Məhkəməsinin sədri yeni müasir məhkəmə binaları ilə tanışlıq zamanı orada ədalət mühakiməsinin səmərəliliyinə təsir edən yüksək şəraitdən, o cümlədən vətəndaşların müraciət imkanlarını asanlaşdıran ən müasir İKT-lərin tətbiqindən, eləcə də cəmiyyətin həssas təbəqəsi olan əlillərin hüquqlarının təmin olunmasından heyranlıqlarını ifadə edirlər.
 
 
SEYMUR



Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024