12px13px15px17px
Tarix:19/11/14

İnformasiya texnologiyalarına bələd məktəb direktorlarını yetişdirmək üçün təlimlər keçiriləcək

Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıqda məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.
 
Nazirlikdən verilən məlumata görə, təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək. Təlimlərin müddətinə gəlincə, proses 2015-ci ilin  yanvar – aprel (3 ay) tarixlərini əhatə edəcək.
 
Dərslər gündə 4 saat (həftəlik 16 saat) olmaqla, həftənin 4 günü təşkil ediləcək. Təlimlərin günortadan sonra  keçirilməsi planlaşdırılır. Təlimdə əhatə ediləcək mövzulara “Təhsildə keyfiyyətin idarəedilməsi”, “Təhsili idarəetmənin hüquqi əsasları”, “Kompüter və təlim texnologiyaları”, “Təhsildə statistika və təhlil”, “Təhsilin idarəedilməsi və monitorinqi”, “Təhsili idarəetmənin  psixoloji əsasları”, “Kurikulum: Nəzəriyyə və tətbiq”, “Təhsildə maliyyənin idarəolunması” daxildir. Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək. Müsabiqədə iştirak üçün minimum tələblər də qoyulub. Tələblərə ali pedaqoji təhsil, 5 (beş) il pedaqoji iş təcrübəsi aiddir. Namizədlərdən gözlənilən digər keyfiyyətlərə isə liderlik bacarığı, yüksək motivasiyalılıq, səmərəli qərar qəbuletmə bacarığı, nəticəyönümlülük, İKT-dən istifadə bacarığı, məntiqi düşüncə bacarığı daxildir: “Bu tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq “telim@edu.gov.az” , “telim@qu.edu.az” elektron poçt ünvanlarına göndərməlidirlər”.
Nazirlikdən qeyd edilib ki, bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq: “Bu səbəbdən şəxsi elektron poçt ünvanlarından istifadə etmək və mütəmadi olaraq yoxlamaq vacibdir”. Müraciət üçün son tarix 30 noyabr 2014-cü il müəyyənləşdirilib. Seçim qaydalarına gəldikdə, təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanlarına (telim@edu.gov.az, telim@qu.edu.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək.
 
Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər.
 
Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin təlimlərə seçimi nəzərdə tutulur.
 
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun  qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024