12px13px15px17px
Tarix:20/11/14

M.Musayev: “Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də elektron xidmətlərin göstərilməsidir”

“İqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, yüksək texnologiyalar əsasında sənayenin dinamik şaxələndirilməsi, ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalının daha da artırılması və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, son illər ərzində  aparılan islahatlar, irəli sürülən mühüm təşəbbüslər əyani şəkildə ölkənin dinamik inkişafına təkan verib”.
 
Bu fikirləri Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev söyləyib. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında müəyyən olunan hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.
 
 M.Musayev qeyd edib ki, sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də elektron xidmətlərin göstərilməsidir. Bu məqsədlə ötən il ərzində respublikada 144 tədbir keçirilib, inkişaf etmiş ölkələrdə mövcud texnologiyalar barəsində məlumatlar verilib.
 
 “Ötən ildən başlayaraq fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılıb, sənaye və texnologiyalar parklarına vergi güzəştləri nəzərdə tutulub. Haqqında qeyd etmək istədiyim məsələlərdən biri də nağdsız ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Nağdsız ödənişlərin inkişafının ümumilikdə ölkə iqtisadiyyatında xüsusi yeri vardır. Hazırda bu sahədə müəyyən işlər görülür. Lakin, hesab edirəm ki, bu gün ticarət, iaşə və başqa obyektlərdə bu işin təşkili məqsədilə POS- terminallar quraşdırılmalı və ödənişlərin inkişaf etmiş ölkələrdə olduğu kimi plastik kartlar vasitəsilə aparılması təmin edilməlidir. Bu həm nağd pul kütləsinə tələbatı azaldar, vətəndaşların pulunun təhlükəsizliyinə imkan yaradar, həm də vergidən yayınma hallarının qarşısını almaqla korrupsiyaya qarşı mübarizə tədbirlərindən birinə çevrilə bilər”.
 
 
SEYMUR



Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024