12px13px15px17px
Tarix:02/12/14

“Bakutel” sərgisi öz 20 illik yubileyini qeyd edir

Bu gün Bakı Ekspo Mərkəzində İKT sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel-2014") Sərgi -Konfransı öz işinə başlayır. Bu il sərgi 20 illik yubileyini qeyd edir.

Keçirildiyi illər ərzində sərgi hər il dünya ictimaiyyətinin diqqətini özünə cəlb edərək Xəzər regionunun aparıcı İKT forumuna çevrilib. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin son illər ərzində "Bakutel" sərgisini ziyarət etməsi bu tədbirin yüksək statusunu bir daha sübut edir və ona daha da vüsət verir. Sərgiyə hərtərəfli dəstək göstərən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərginin inkişafında və təşəkkül tapmasında, habelə ona yeni nəfəs verilməsində xüsusi rol oynayıb.
 
Hər il sərgi və konfransa qatılan mötəbər qonaqlar sərginin rəsmi açılış mərasimində, sərgi çərçivəsində keçirilən konfrans və digər tədbirlərdə iştirak edirlər. 20 il ərzində dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkət sərgiyə qatılmış və yüz mindən çox ziyarətçi sərgidə iştirak edib. Dünyanın 19 ölkəsi, o cümlədən Koreya, Fransa, Kanada, Litva və digər ölkələr bu sərgidə mütəmadi olaraq öz milli pavilyonları ilə çıxış ediblər. Hazırda bazarda uğurla fəaliyyət göstərən yerli iri şirkətlərin başlanğıc platforması məhz "Bakutel" sərgisi olub. Sərginin daimi iştirakçıları sırasında: "Avirtel", "Azercell Telecom MMC", "Azerfon MMC", "Azqtel", "Aztelekom İB", "Bakcell", "BestComp Group", Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, "Caspel", "Сaspian Navtel", "Connect", "Delta Telecom LTD", "Iskratel", "Microsoft Azerbaijan LLC", "R.I.S.K.", "SİNAM", "Smart Systems Technology MMC", "Softline International", "Teleradio İB" və "Ultra Technologies" şirkətləri var.
 
Sərgi hazırda qlobal informasiya mühitinə inteqrasiyaya, İKT üzrə milli məhsulların istehsalına və müasir informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına şərait yaratmaqla yanaşı, ölkədə İKT-nın inkişafı üzrə proqramların həyata keçirilməsinin göstəricilərindən biridir.
 
"BAKUTEL-2014" SƏRGİSİNDƏ "YÜKSƏK TEXNOLOGİYALAR HƏFTƏSİ"
 
Yubiley "Bakutel" sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir ki, bu şirkətlər arasında da aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribütorları var.  Sərginin ekspozisiyası və konfransın keçirilmə yeri Bakı Ekspo Mərkəzinin üç zalını və foyesini əhatə edir.
 
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son illərdə həyata keçirdiyi işlər, habelə İKT sənayesinin inkişafı üzrə gələcək planlar barədə dolğun məlumat verən Azərbaycan milli pavilyonu foyedə yerləşir.
 
 
Uzun illər Azərbaycan hökumətinin etibarlı tərəfdaşı olan Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsi  üzrə həyata keçirdiyi layihələrinin nümayiş etdirildiyi pavilyon da burada təşkil olunub.
 
 
Bakıda keçirilən sərgidə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilk dəfə olaraq öz stendi ilə iştirak edir. Bu il Koreyanın Pusan şəhərində keçirilmiş konfransında son illərdə ölkəmizdə İKT sahəsində həyata keçirilən dinamik inkişafa və əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) ali idarəetmə orqanı olan  Şuraya üzv seçilib.
 
 
ITU-nun stendində gələn il təşkilatın 150 illiyi və bu illər ərzində baş vermiş texnoloji inkişafı əks etdirən ekspozisiya təqdim ediləcəkdir.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qismində 150 illik yubiley tədbirlərinin qızıl sponsorlarındandır.
Azərbaycan "Bakı-2015" Birinci Avropa Oyunlarına fəal şəkildə hazırlaşır və "Bakutel" sərgisi bu əlamətdar hadisəni əks etdirməyə bilməzdi. Kompleksin foyesində yerləşən "Bakı-2015" adlı stend Avropa oyunlarına hazırlıq prosesini, onun texniki və texnoloji məsələlərini, habelə növbəti ilin ən böyük idman bayramı çərçivəsində bizim hər birimizi gözləyən sürprizləri əks etdirir.
 
"Bakutel" sərgisində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə milli pavilyonların fəal iştirakı artıq sərginin xoş ənənəsinə çevrilib.  Bu il Böyük Britaniya, İran, İsrail, İtaliya, Kanada, Türkiyə, Estoniya və bir sıra digər ölkələr sərgidə maraqlı və innovativ layihələri, habelə İKT sahəsi üzrə məhsul və xidmətləri təqdim edirlər. Bütün milli pavilyonlar Bakı Ekspo Mərkəzinin ikinci zalında yerləşir.
 
Ümumi eksponentlərin 40%-ni təşkil edən daimi iştirakçılar, habelə sərginin debütantları isə kompleksin birinci zalında yerləşir. Qeyd etmək lazımdır ki, bu il yeni iştirakçılar böyük fəallıq göstərirlər. Sərginin debütantları əsas etibarilə Azərbaycanın iqtisadi göstəricilərindəki yüksəlişlə əlaqədar olaraq yerli bazara marağı xeyli artan xarici iştirakçılardır. "Schneider Electric", Finlandiyanın "Tecnotree" İB, İsveçrənin "Smartlink" şirkəti, Amerikanın "Corning Optical Communications GmbH & Co." və "Procera Networks" şirkətləri, Türkiyənin "Erat Telecom" və "Erstream" şirkətləri, Hindistanın "Sei Trading India" şirkəti, Latviyanın "BalticServers" şirkəti, Çinin "GW Delight Technology" və "Hytera Communications Corporation Limited" şirkətləri, eləcə də Yaponiyanın "Sumitomo Electric", Argentinanın "NVAP" və "ARSAT" şirkətləri sərgidə ilk dəfə olaraq ayrıca stendlə təmsil olunacaqlar. Onu da qeyd edək ki, Argentina bu sərgidə ilk dəfə iştirak edir.
 
Debütantların arasında bu il rekord sayda təmsil olunan "startap"lar var. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "startap"lara fəal dəstək göstərilir və bu cür dəstək "Bakutel" sərgisinin də ənənələrindən biridir. Regionun İKT sektoru üzrə ən böyük tədbirində sənaye liderləri və  dövlət strukturları ilə yanaşı iştirak etmək, eləcə də dövlət və özəl investisiyaları cəlb etmək məqsədilə fərdi layihələri təqdim etmək üçün unikal imkan yaradılır. Bu il ölkənin 30-dan artıq gənc layihəçisi bu imkandan istifadə edib və onlar sərgi çərçivəsində öz innovativ proqram və xidmətləri barədə danışacaqlar. Bütün "startap"lar Bakı Ekspo Mərkəzinin ikinci zalında Yüksək Texnologiyalar Parkının stendində yerləşəcəklər.
 
Sərgidə həmçinin aprel ayında "Bakutel" sərgisinin dəstəyi ilə keçirilən "Startup Weekend Baku" yarışının qalibi olan "Square Message" layihəsinin müəllifləri də iştirak edəcəklər. Maraqlı layihənin mükafatı olaraq həmin qaliblərin bu il stendlə iştirakını "Bakutel" sərgisinin təşkilati komitəsi təşkil edib.
 
"Bakutel-2014" sərgisinin baş sponsoru "İntel" (ABŞ) korporasiyasıdır. Digər sponsorlar arasında "Eurodesign" (Azərbaycan) və "Tecnotree" (Finlandiya) şirkətləri yer alır.
 
İKT YENİLİKLƏRİ

Son 10 il ərzində Azərbaycanda telekommunikasiya və İKT bazarı köklü surətdə dəyişib və mətin addımlarla inkişaf etməkdədir ki, bu da ən yeni məhsulların və onların inteqrasiya imkanlarının nümayiş olunduğu "Bakutel" sərgisində ən yaxşı şəkildə əks olunub.
 
Bu il sərginin ekspozisiyası aşağıdakıları təqdim edir: telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və yayım texnologiyaları, proqram təminatı və sistemin avtomatlaşdırılması, İT və ofis texnologiyaları, yüksək texnologiyalar. İştirakçıların 45%-i öz təqdimatları barədə məlumat vermişdir. Bunların sırasında  bir neçə dəqiqə ərzində şəxsi sayt yaratmaq, istənilən növ avadanlıq üçün yeni onlayn televiziya və mobil telefonlar üçün proqram işləmək, habelə aşağısürətli internet vasitəsilə də televerilişlərə baxmaq imkanı verən Azərbaycan dilində ilk platformanın, art-instalyasiyaları nümayiş etdirən "LED" video-divarlarının, avtomobillərin izlənməsi və avtoparkların idarə edilməsi üçün "GPS" sistemləri üzrə ən yeni texnologiyaların, habelə "Mobil Pul Kisəsi" üzrə həll variantlarının təqdimatı keçiriləcək.

Sərgidə, həmçinin fiber-optik kabellərin bitişdirilməsi (birləşdirilməsi) üzrə cihazlar, optik lif, "FTTH" (Fiber-to-the-home)  texnologiya üzrə kompleks həll variantları və xidmətlər, peyk və yerüstü sistem və aksessuarlar üzrə keyfiyyətli həll variantları, o cümlədən ofset parabolik və planetar antenalar, yerüstü antenalar, qovşaq stansiyaları, eləcə də səyyar radio-əlaqə qurğuları nümayiş etdirilir. "Epson Moverio"  eynəkləri - həm videoya baxmaq, həm də tibdən muzeyə qədər müxtəlif peşə sahələri üçün nəzərdə tutulmuş unikal "qadcet", sizi videooyun və digər kompüter əyləncələrinə qərq etmək üçün nəzərdə tutulmuş "OculusRift" – innovativ virtual reallıq dəbilqəsi və bir çox başqa məhsullar yəqin ki, sərgi ziyarətçilərinin marağına səbəb olacaq. Beləliklə, sərgi ziyarətçiləri tezliklə ölkə bazarına çıxarılacaq yüksək texnologiyalar üzrə həll variantlarını, eləcə də müasir texnologiya və xidmətləri bilavasitə iş prosesində görən ilk insan olacaqlar. Müasir kommunikasiya texnologiyalarının kompleks tətbiqi prioritet təşkil edən milli layihələrin icra səmərəliliyini artırmaqla yanaşı, ölkənin bütün bölgələrində əhali üçün sosial xidmətlərin keyfiyyətini və əlçatan olmasını da təmin edəcək.
 
YUBİLEY PROQRAMI
Sərginin 20 illik yubileyi ilə əlaqədar olaraq əlavə tədbirlər proqramının keçirilməsi planlaşdırılmış və həyata keçirilmişdir. Yubiley proqramı çərçivəsində keçirilən ilk tədbir noyabrın 8-də "High Tech Park" kompleksində təşkil edilmiş "Yeni həyat: texnologiyadan incəsənətə" adlı tədbir oldu. Bu dəfə "Bakutel" sərgisinin iştirakçıları öz övladları ilə birlikdə kompüter detallarından sərginin yubiley loqosunu və "Bakutel" saatını hazırladılar. Bu hadisə öz həmfikirləri ilə qeyri-rəsmi şəraitdə görüşməkdən məmnun qalan eksponentlər üçün əsil bayram oldu. "Bakutel" sərgisinin bütün ziyarətçiləri isə hazırlanmış bu loqonu bilavasitə sərgidə görə biləcəklər. Bundan başqa, foyedə son 20 il ərzində sərginin tarixi məqamlarını əks etdirən yubiley stendi də yerləşdiriləcəkdir.
 
 
"Iteca Caspian" şirkəti yubiley sərgilər zamanı ən yaxşı tələbələrin mükafatlandırılması ənənəsini bu il də davam etdirir. Beləliklə, bu il xüsusi mükafat Azərbaycan Diplomatiya Akademiyasına (ADA) qəbul zamanı 700 bal toplayaraq İnformasiya texnologiyaları və Mühəndislik sistemləri fakültəsinə daxil olmuş birinci kurs tələbəsi Könül Qurbanlıya təqdim olunacaq. Sərginin daimi iştirakçısı olan bütün şirkətlərə qeyri-adi xatirə suvenirləri təqdim ediləcək.
 
Sərgiyə həsr olunmuş çap məhsulları da yubiley əhval-ruhiyyəsini əks etdirir. Bunlar ilk növbədə sərginin kataloqu və "Gündəlik Xəbərlər: Bakutel-2014" qəzetinin xüsusi buraxılışlarıdır.
 
Bundan başqa, bütün iştirakçı və ziyarətçiləri yubiley sərgiyə həsr olunmuş müxtəlif hədiyyə və suvenirlər gözləyir. Müasir oyun texnologiyalarının həvəskarları üçün Bakı Ekspo Mərkəzinin foyesində oyun zonası təşkil olunub və burada hər bir kəs virtual aləmdə qol vura və ya yarış trasında öz məharətini göstərə bilər. Bakıda ilk dəfə öz şou-proqramları ilə iştirak edən robotlar isə sərgiyə gələn ziyarətçiləri salamlayacaq. Beləliklə, sərginin 20 illiyinə həsr olunmuş əlavə tədbirlər zəngin informasiya konteksti, koloriti və rəngarəngliyi sayəsində xüsusi təmtəraq və bayram ab-havası yaradacaqdır.
 
İŞGÜZAR PROQRAM
 
Yubiley "Bakutel" sərgisi bütün dünyada İKT üzrə ən son təmayülləri, habelə Azərbaycanda İKT sahəsinin inkişaf perspektivlərini müzakirə etməyə imkan verən mütəxəssislərin geniş işgüzar ünsiyyəti formatında keçirilir. Sərginin bütün iş günləri ərzində sərgi çərçivəsində Bakı Ekspo Mərkəzinin üçüncü zalında bir sıra tədbirlər təşkil olunacaq. Belə ki, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən "Əşyaların interneti" adlı konfransda inkişaf edən internetin yeni mərhələsi ilə bağlı olan məsələlərə toxunulacaq.
 
Məruzəçilərin arasında Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi cənab Hamadun Ture, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, "Intel" korporasiyasının vitse-prezidenti cənab Con Devis və başqaları var. Konfrans çərçivəsində panel müzakirələr və çoxsaylı sessiyalar təşkil ediləcəkdir (Bakı Ekspo Mərkəzi, 2-3 dekabr).
 
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı (UNDP) və "Microsoft" şirkəti ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan "eGov 3.0: İnkişaf təmayülləri və yeni imkanlar" adlı beynəlxalq konfrans dünyada və ölkəmizdə elektron hökumətin formalaşdırılması üzrə fəaliyyət və inkişaf perspektivlərinə həsr olunub.
 
Konfransda Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri iştirak edəcəklər.
 
Bundan başqa, iştirakçılar arasında Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya  Nazirliyi, "Skolkovo" texnoloji parkı və "Microsoft" rəhbərlərinin nümayəndələri, eləcə də Dünya Bankının müvafiq şöbələrini, Avstriya Federal Dəftərxanasını və Türkiyə Baş Nazir Aparatını təmsil edən məsul şəxslər, o cümlədən elektron hökumət üzrə Koreya, Qazaxıstan, Çexiya, Moldova və digər ölkələrdən olan mütəxəssislər iştirak edəcəklər (Bakı Ekspo Mərkəzi, 3 dekabr).
 
"İnformatika təhsili – günümüzün çağırışları" mövzusunda keçiriləcək konfrans isə Azərbaycanda bu gün müasirləşməyə və yeni metodlara ehtiyac duyan İKT təhsili mövzusuna toxunacaq. Konfrans İKT sahəsi üzrə təhsil proqramları ilə məşğul olan "ACM Chapter" təşkilatının iştirakı ilə keçirilir (Bakı Ekspo Mərkəzi, 3 dekabr). Həmçinin, "Bakutel" sərgisi çərçivəsində Azərbaycanda "İT sahəsində qadınlar: Femmes Digitales" adlı ilk qadın klubunun açılışı da keçiriləcək.
 
Bundan başqa, sərgi çərçivəsində Bakı Ekspo Mərkəzində "Molex", "AcmChapter", "Karel / Coriant", "Smart Communications", "ROMSAT", "RiT Technologies" və "Vision Solutions" şirkətləri tərəfindən 8 seminar təşkil olunacaq (Bakı Ekspo Mərkəzi, 3-4 dekabr).
DƏSTƏK / TƏŞKİLATÇILAR
 
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakutel" sərgisinin təşkili və inkişafı üçün əvəzsiz dəstək göstərir.
 
Sərgini dəstəkləyən digər yerli strukturlar arasında isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) var. Sərgini artıq uzun illər boyu Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU) kimi nüfuzlu təşkilatlar da dəstəkləyir. "Bakutel" sərgisinin təşkilində rəhbər tutulan beynəlxalq keyfiyyət standartları təkcə telekommunikasiya avadanlıqları və informasiya texnologiyaları üzrə aparıcı istehsalçıların iştirakı ilə deyil, həm də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFİ) xüsusi nişanı ilə təsdiqlənmişdir. 2014-cü il üzrə keçirilən bütün sərgilərin rəsmi tərəfdaşı "JW Marriott Hotel Absheron Baku" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər), habelə "Greenwich Travel Club" (rəsmi turoperator) və "Safe Life" (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) şirkətləridir. Bütün bu illər ərzində sərginin təşkilatçıları qismində "Iteca Caspian", "ITE Group Plc" və "Caspian Event Organisers" (СЕО) şirkətləri çıxış edirlər.
 
 Ziyarətçilərin rahatlığı üçün hər bir saatdan bir "Koroğlu" metro stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə marşrut üzrə pulsuz işləyən xüsusi avtobuslar təşkil olunub. Bu avtobusların qrafiki ilə sərginin rəsmi veb-saytında ətraflı şəkildə tanış olan bilərsiniz:

 



Baxış sayı: 1914

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024